Yol polisi «avtoş»dan rüşvət alarkən həbs olundu – BAKIDA
Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşı rüşvət üstündə həbs olunub. Bu barədə Avtosfer.az saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Bildirilir ki, DYPŞ-nin inspektoru Rəşad Quliyev vəzifə səlahiyyətlərini aşaraq rüşvət alarkən «iş başında» yaxalanıb. Onu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs ediblər.
Əldə etdiyimiz məlumata görə, Rəşad Quliyev avtoxuliqanlıq əməlinə görə Nəsimi rayon DYPŞ-nin rəisi Taləddin Axundov tərəfindən saxlanılan sürücüdən 500 manat rüşvət istəyib. Sürücü bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və əməliyyat planı hazırlanıb. Əməliyyat nəticəsində R.Quliyev həmin sürücüdən rüşvət alarkən iş otağında həbs olunub.
Məlumata görə, Rəşad Quliyev uzun illərdir Nəsimi rayon DYPŞ-də çalışır və şöbə rəisi Taləddin Axundovun yaxın adamı kimi tanınır. Bu yaxınlarda çavuş rütbəsindən leytenant rütbəsinə yüksələn Rəşad Quliyevin karyerası elə leytenant olaraq bitdi. Hazırda faktla bağlı araşdırma aparılır.
Avtosfer.az Nəsimi rayon Polisi İdarəsindən Rəşad Quliyevin həbs olunduğu xəbərini dəqiqləşdirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bu baradə məlumatsız olduğunu deyərək bir qədər sonra əlaqə saxlamağı məsləhət görüb.
Qeyd edək ki, son vaxtlar Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi ilə bağlı narazılıqların sayı artıb. Əsasən də, idarə rəisi Taləddin Axundovun hər gün Rəşid Behbudov küçəsində mülki avtomobildə gəzib xoşuna gəlməyən sürücüləri «avtoş» adı ilə saxlatdırdığı bildirilir. O da qeyd olunur ki, həmin sürücülərdən sonradan Nəsimi rayon DYPŞ-də 300-800 manat arası «cərimə» alınır.