Belə özbaşınalıq olmamışdı, amma o da oldu... - FOTOFAKT

Belə özbaşınalıq olmamışdı, amma o da oldu... - FOTOFAKTAzərbaycanda yenə inanılmaz bir özbaşınalıq baş verib. Lüks maşın sahiblərindən biri yollarda bütün qanunları pozub.

Dünən Bakı-Qazax yolunda lüks avtomobili idarə edən şəxs bütün yol hərəkəti qaydalarını kobudcasına pozub. “Toyota” markalı maşının dövlət nömrə nişanı qara lentlə bağlanıb. Məqsəd isə maşının radarlara düşməsinin qarşısını almaq olub.

Hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən və heç bir radarı gözləməyən bu maşın Nəvai postundan çıxıb. Maşının həmin postda saxlanılıb-saxlanılmadığı məlum deyil. Lakin dəqiq olan budur ki, maşın dövlət nömrə nişanı qara lentlə bağlanmış şəkildə Dövlət Yol Polisinin (DYP) Nəvai postundan çıxaraq Bakıya doğru hərəkət edib.

Maşında olanların kimliyi də məlum deyil. Yalnız o məlumdur ki, DYP əməkdaşları buna göz yumub. Daha maraqlısı isə odur ki, şahidlərin verdiyi məlumata görə, saatda azı 120 km kilometr sürətlə hərəkət edən maşını Qaradağ postunda da saxlamayıblar. 4 nəfərin əyləşdiyi bu maşın yüksək sürətlə, bütün yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla Bakıya çatıb.


Avtomobilin nömrəsi görünməsə də nömrənin 10 KK 100 və ya 10 YY 100 olduğu təxmin edilir. Amma bu, yalnız ehtimaldır.

Maraqlıdır, polis əməkdaşları bu özbaşınalığa necə göz yumub? Maşında olanlar və ya onu idarə edən hansı yüksək rütbəli məmur və polisə “sözükeçən” şəxs olub?

Şübhəsiz ki, bütün bu suallara DYP-dən rəsmi açıqlama olacaq. DYP bu sürücünün kim olduğunu, maşının kimə məxsus olduğunu açıqlayacaq. Bundan başqa maşını idarə edən şəxsin şəklini çəkib ictimaiyyətə açıqlayacaq. Yəqin ki, belə olacaq. Çünki əslində belə olmalıdır.

Son cümlələri boşuna işlətmirik. Axı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) elə dünən yol hərəkəti qaydalarını pozan, “avtoşluq” edən bir neçə şəxsin şəklini çəkərək ictimaiyyətə açıqlamışdı.

BŞDYPİ-dən verilən açıqlamada deyilirdi ki, yol hərəkəti qaydalarını pozduqları üçün inzibati qaydada həbs olunan bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsəd onların ictimai qınağa cəlb edilməsidir. Yəqin bu sürücü də ictimaiyyətə təqdim olunacaq və ictimai qınağa cəlb ediləcək. Təbii ki, əgər bunu istəsələr...






Fikirlər