Yol polisi SOCAR-la birlikdə avtomobilləri müayinə etdi - FOTO

Yol polisi SOCAR-la birlikdə avtomobilləri müayinə etdi - FOTO

Sürücülər arasında maarifləndirmə işləri aparılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində "Atmosfer havasının mühafizəsi haqqında" qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı "Təmiz hava" aylığını davam etdirib.

"AzerTaym.az" avtosfer.az-a istinadən məlumat verir ki, Bakı şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində və 9 müəssisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Vaqif Əsədov qeyd edib ki, Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə keçirdikləri "Təmiz hava" aylığı ətraf mühitin qorunmasına xidmət edir. Bu aylıq çərçivəsində hərəkətdə olan nəqliyyat vasitələri yoxlanılır və onların ixrac etdiyi zəhərli qazların miqdarı normadan artıq olduqda sürücü barəsində inzibati qaydada protokol tərtib olunur. Bu gün SOCAR-ın nəqliyyat idarəsi ilə birgə keçirilən tədbir nəticəsində sürücülər bu istiqamətdə maarifləndirilib. 
Vaqif Əsədov sürücülərə tövsiyə edib ki, idarə etdikləri nəqliyyat vasitələrini saz vəziyyətdə saxlasınlar və ətraf mühitin qorunmasına öz töhfələrini versinlər. Yol polisi bu cür tədbirləri davamlı olaraq keçirəcək.

 

Tədbirlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsi və avtomibil sexlərində yoxlama aparılıb, 101 avtomobil yoxlanılıb. Həmin avomobillərdən 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib və onların istismarına icazə verilib.

V.Əsədov bildirib ki, 15 gün ərzində yol patrul xidməti əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin, yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.

SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşı Coşqun Bərxudarov Avtosfer.az-a açıqlamasında bildirib ki, şirkət istismarda olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirir. Eləcə də ətraf mühitin qorunması Ekologiya İdarəsinin əsas vəzifələrindən biridir. Bu baxımdan nəqliyyat vasitələrinin vaxtında müayinədən keçirilməsi təmin edilir, hər hansı nöqsan aşkar olunduqda dərhal aradan qaldırılır.






Fikirlər