Yeni qərar qüvvəyə mindi - Yaşı 10 ildən çox olan avtomobillər...

Xəbər verdiyimiz kimi, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən - 29 mart tarixindən 30 gün sonra qüvvəyə minib.

Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılır. 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. 

Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir: 

• 2 ilə qədər olan minik avtomobilləri 2%; 

• 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%; 

• 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%. 

Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur. 

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar: 

• Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq; 

• Yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq; 

• Ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasını sürətləndirəcək; 

• İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq; 

• Ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq; 

• Avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.






Fikirlər