Kəmərsiz sürücülər ADDIMBAŞI cərimələnəcək?
Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə gündə yalnız bir elektron protokol tərtib edilə bilər. Axar.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yazıb. O, kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gətirib: “Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur. Sual çıxırdı ki, sürücü hər kamera qarşısından keçəndə protokol yazılacaqmı? Yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər. Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Açığı, mən bu dəyişikliyi bəyənmirəm. Kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır…” Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi martın 1-dən qüvvədədir.