1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) "Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun səhhətində ciddi problemlər yaranıb.
Trend-in məlumatına görə, M.Məmmədov təcridxananın tibb məntəqəsinə köçürülüb. O, hazırda həkim nəzarətində saxlanılır.
Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.