Son zəng çalındı: “Əlvida, məktəb” - FOTOLAR

Son zəng çalındı: “Əlvida, məktəb” - FOTOLAR

Bu gün son zəngdir, 20152016-cı tədris ili başa çatdı. Çoxları üçün 14 iyun adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. Çünki onlar 11 illik məktəb həyatına son qoyub, müstəqil həyata addım atırlar. 
Musavat.com saytının əməkdaşı məzunların sevincinə, həyəcanına şərik olmaq üçün Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində olub.  
Məktəbin həyətinə daxil olarkən oraya toplaşan müəllim və məzunların təlaşlı olduğu kənardan aydın hiss olunurdu. Kimi çıxış üçün hazırlaşır, kimi sinif yoldaşlarının köynəyinə arzularını yazır, kimi də onları təbrikə gələn doğmaları ilə söhbət edirdi. Məzunlar arasında məktəbi bitirdiyi üçün sevinən də var idi, üzülən də... Lakin hamısı bir nəfər kimi həyəcanlı idi. Nəhayət, tədbir başladı, hər kəs öz yerini aldı.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir məzunları XI sinfi uğurla başa vurmaları münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb: “Bu il məzun olan hər bir şagirdə yeni-yeni nailiyyətlər arzulayıram. 185 illik tarixə malik olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Azərbaycanın bir çox elm, maarif xadimlərini, hərbi sərkərdələri yetişdirib. Bu məktəbin 150 illik yubileyi 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırda işğal altında olan Şuşa şəhərində keçirilib. 1992-ci ildən – Şuşanın işğalından sonra Bakıda fəaliyyət göstərən məktəb üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə müasir maddi-texniki bazası olan məktəb binası inşa olunub. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Üstün təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin sözün həqiqi mənasında yüksəldilməsi zəruri tələblərdən biridir. Bu isə məktəb rəhbərləri, müəllimləri və valideynlərdən səmərəli əməkdaşlıq tələb edir”. 
Gənclərin ixtisas seçiminə diqqətlə yanaşmasının vacibliyinə toxunan təhsil naziri deyib ki, zamanın inkişaf sürətini nəzərə almaqla, çevik qərarvermə, hədəfləri doğru seçmək vərdişlərinə sahib olmaq çox əhəmiyyətlidir. Əsas çağırış budur ki, mükəmməl təhsil indi əvvəlki dövrlərdən daha çox lazımdır.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və millət vəkili Elman Məmmədov məzunlara öz arzularını çatdırıblar. 
Çıxışlardan sonra “Koroğlu” uvertürasının sədaları altında “Son zəng” çalınıb və səmaya sülhün rəmzi olan ağ göyərçinlər buraxılıb. 
 












Fikirlər