Baş Prokurorluq: “Vəzifə saxtakarlığına görə 143 ŞƏXS məsuliyyətə cəlb olunub”

prokurorluq

Bu il Azərbaycanda vəzifə saxtakarlığı və sair faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə qeyd olunub ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunub. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi  məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

 

 






Fikirlər