İki xanım jurnalistə "Şöhrət” ordeni təqdim olunub
Oktyabrın 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyi -AZƏRTAC-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş əməkdar jurnalistlər Elmira Əliyeva və Qalina Mikeladzeyə “Şöhrət” ordenlərinin təqdim olunması mərasimi keçirilib. AzerTaym.az xəbər verir ki, tədbirdə çıxış edən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov jurnalistikanın inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsirindən söhbət açıb. Elmira Əliyevanı və Qalina Mikeladzeni Azərbaycan mətbuatının canlı klassikləri adlandıran Baş direktor deyib ki, hər iki jurnalist öz istedadını hələ gənc yaşlarından göstərib, qəzet səhifələrində bir-birindən maraqlı, məzmunlu yazılarla çıxış edib. Onların milli mənəvi dəyərlərə, xüsusən mədəniyyət və incəsənətimizə həsr olunmuş oçerk və məqalələri obyektivliyi, həyatiliyi, insanları düşündürmək keyfiyyətləri ilə fərqlənib. Geniş dünyagörüşünə, zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə malik jurnalist qələmindən çıxan bu yazılar həmişə müsbət əks-səda doğurub. Hələ sovet dövrü mətbuatında qaldırdıqları problemlər, taleyüklü məsələlər jurnalist vətənpərvərliyindən və prinsipiallığından xəbər verirdi. Elmira Əliyeva və Qalina Mikeladzenin yaradıcılığı bu gün gənc jurnalistlər üçün həyat və təcrübə məktəbi hesab oluna bilər. Azərbaycan mətbuatının iki böyük siması ilə AZƏRTAC-da keçirilən bugünkü görüşü unudulmaz hadisə kimi dəyərləndirən Baş direktor onlara yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirdə çıxış edən AZƏRTAC–ın əməkdaşları Elmira Əliyevaya və Qalina Mikeladzeyə ürək sözlərini və səmimi arzularını çatdırıblar. Qeyd olunub ki, hər iki jurnalist böyük həyat yolu keçib, maraqlı insanlarla görüşüb, nüfuzlu qəzetlərdə çalışıb. Bu cür insanları qorumaq, təbliğ etmək və gələcək nəsillərə tanıtmaq lazımdır. Onlar nəinki peşəkarlığı, eləcə də insani keyfiyyətləri ilə gənc nəslə örnəkdirlər. Çıxış edənlər Qalina Mikeladzenin “Azərbaycan baleti” və Elmira Əliyevanın “Özüm və zaman haqqında” kitablarının məziyyətlərindən danışıblar. Vurğulanıb ki, hər iki müəllif əslində Azərbaycanın mədəni və mədəni həyatının bütöv bir dövrünün ensiklopediyasını yaradıb. Sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə layiq görüldükləri “Şöhrət” ordeni tanınmış qələm sahiblərinə təqdim olunub. Elmira Əliyeva və Qalina Mikeladze jurnalistlik fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.