Dini ekspert: “Namaz üçün ən yaxşı məkan məsciddir”
İslam dininin bizə buyurduğu 5 şərtdən biri də namazdır. Namaz hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rükut və səcdə ilə ibadət etməkdir. Ancaq namaz qılan insanlar bəzən yolda olarkən, alış-veriş zamanı, uzaq yola səfər zamanı namazın vaxtını keçirə bilərlər.
Müsəlman ölkələrində, eləcə də Azərbaycanda insanların parkda, küçədə, avtobusda namaz qıldığının şahidi olmuşuq. Bir çox iş yerlərində, ticarət mərkəzlərində xüsusi namaz otaqları olur. Ancaq namaz otağı olmadığı halda harda gəldi namaz qılmaq düzgündürmü?
Din mütəxəssislərə görə, namazı 7 yerdə - məzarlıqda, qəbirlərin arasında, heyvan saxlanılan yerdə (tövlədə və s.), yolların kəsişməsində (yol qovşağında), hamamda, sallaqxanalarda, Müqəddəs Kəbənin damında və s. qılmaq olmaz.
Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, müsəlman namazı paklıq, təmizlik və halallıq olan hər yerdə qıla bilər: “”(Allah) bizim üçün bütün yer üzünü səcdə yeri qərar vermişdir" (Səhih Müslim). Namaz İslam dinində əsas ibadətlərdən biri və birincisidir. Müsəlmanlar gündəlik və müəyyən xüsusi hadisələrlə bağlı Allaha ibadət edir - namaz qılırlar. Xüsusən də gündəlik ibadətlər var, Quran və hədislərə əsasən namaz qılmaq vacib olan insanlar günün müəyyən vaxtlarında 5 dəfə ibadət edir - namaz qılırlar. Müsəlman namazı hər yerdə (təmizlik, paklıq, halallıq - yəni sahibinin icazə verməsi kimi şərtlər yerində olarsa) qıla bilər. Təbii ki, namaz üçün ən yaxşı məkan məsciddir. Məscid, yəni səcdə olunan yer müsəlmanların ibadət üçün toplandıqları məkandır, xüsusən də həftənin cümə günləri müsəlmanların Cümə namazı üçün məscidə getməsi önəmlidir. Amma məscidə gedə bilməyənlər, işdən imkanı olmayan, məscid uzaqda olarsa, fiziki imkanları olmazsa namazı evdə, iş yerində, hətta küçədə qıla bilərlər. Amma təbii ki, bu zaman yuxarıda qeyd etdiyimiz kimi, başqa insanların haqlarını tapdamaq, maneələr törətmək olmaz. Çünki insanların haqqını yemək Allaha ibadətdən daha ağır günahdır. Bu səbəbdən də küçədə və ictimai yerlərdə namaz qılanlar insanlara çətinlik yaratmamalı, özəl mülkdə ibadət edirlərsə, sahibindən icazə almalıdırlar".