"Təzə bazar” MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkar edilib: "Eləcə də bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağırsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib.
Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib”.
Xidmətdən qeyd olunub ki, Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək.
AzerTaym.az
Fikirlər