“Azərsun”dan bahalaşma ilə bağlı AÇIQLAMA
Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azərsun Holdinq” MMC məhsullarının bahalaşması ilə bağlı məlumatlara aydınlıq gətirib. “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a deyib ki, bahalaşma kütləvi xarakter daşımır: “Bizim indiyə qədər satdığımız məhsullar anbarlardakı ehtiyat məhsullarımız idi. Onlar bitdiyi üçün xaricdən xammal almalı olduq. Bu xammal isə dolların yeni məzənnəsi ilə alınıb. Ona görə də bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə edilə bilər. Amma bu, bəzi qara piar kampaniyalarında yazıldığı kimi kütləvi bahalaşma deyil”. Şirkət rəsmisinin sözlərinə görə, istehlakçılar bundan sonra məhsulları daha stabil qiymətlərlə alacaqlar: O qeyd edib ki, ölkə Prezidentinin verdiyi son göstərişlər, Neft Fondundan Mərkəzi Banka transfertlərin reallaşması qısa müddətdə iqtisadiyyatda öz effektini verəcək. “Bu addımlar sabit, stabil mühitə zəmin yaradır. Hazırda iqtisadiyyatda yaranan stabillik qiymətlərə də təsir göstərəcək”.