Azərbacanda satılan çovdar çörəkləri TƏHLİKƏLİDİR?

Azərbaycanda satılan qara çörəyin tərkibinə müxtəlif qatqıların vurulmasıyla bağlı zaman-zaman iddialar səsləndirilir.

Bildirilir ki, una qara rəng vermək, pəhriz çörəyinə oxşatmaq məqsədilə tərkibinə kimyəvi maddələr və kofe qatılır.

BakiPost.az qara çörəyə olan tələbatın həcmini öyrənmək məqsədilə mağazalar arasında sorğu keçirib. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, pəhriz çörəklərinə olan tələbat heç də ağ çörəyə olan tələbatdan az deyil.

Bəs pəhriz çörəklərinə qatqıların və kofenin qatılmasıyla bağlı fikirlər nə dərəcədə əsaslıdır?

Bununla bağlı BakiPost.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov paytaxtda belə hallara rast gəlinmədiyini deyib: "Regionlarda ola bilər, amma Bakıda çörək istehsalçıları belə etmirlər. Demək olar ki, bu kimi hallar yox dərəcəsindədir. Çünki rəqabət həddən artıq yüksəkdir. Belə bir rəqabət şəraitində kimsə bu kimi yollara əl atmaz. Bizə belə məlumat, şikayət daxil olmayıb. Regionlar isə istisnadır”.

Ekspertin sözlərinə görə, 8-10 il əvvəl vəziyyət fərqli olub: "2003-2004-cü illərdə belə məlumatlar bizə də gəlirdi. İndi isə vəziyyət düzəlib. Qara çörək qara undan deyil, çovdar unundan hazırlanır. Çovdar unu da bahalıdır. Ona görə də qatqılar olunurdu ki, daha ucuz yolla əldə etdikləri undan hazırlanan çörəyi çovdar çörəyi adıyla satsınlar”.

 






Fikirlər