Mehman Əliyev: “Çörək hazırlamaq üçün 85 faiz yem buğdasından 15 faiz isə ərzaq buğdasından istifadə edilir”
Bir neçə gün öncə Bakıda çörəyin içindən sancaq çıxıb. Belə ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində kafedə fəaliyyət göstərən Gülnarə Əlibəyova nahar etmək üçün yaxınlıqda yerləşən marketdən çörək alıb. Onu yeyəndən az sonra isə xanım özünü pis hiss edib. Ağrılar artınca qadın 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Orda da onun sancaq udduğu məlum olub. O bildirib ki, yediyi çörək məhz ”NZS” çörək zavoduna məxsus olub. Sancağın bir hissəsi isə çörəkdə qalıbmış. Bunu da maddi sübut kimi təqdim edib. Məsələ ilə bağlı adıçəkilən müəssisənin rəhbərliyi ilk olaraq çörək bişirilən zaman yol verilən səhvi öz işçilərində görsə də, sonradan fikrindən daşınıb və zərərçəkənin onu şantaj etdiyini, belə bir hal çörək bişirilən zaman yolverilməzdir deyə bildirib.
Ümumiyyətlə Azərbaycanda qida təhlükəsizliyi ciddi problemlərdən biri kimi qalmaqdadır. Dükan və bazarlarda un məmulatlarının, o cümlədən çörəyin keyfiyyəti normativlərə uyğun deyil. Xüsusilə, çörəyin tərkibindəki qatışıqların tələb olunan təlimata cavab verməməsi insan həyatı üçün təhlükə yaradır. Hətta çörəklərin uzun müddət qalması üçün onun tərkibinə müxtəlif maddələrin vurulduğu da iddia edilirdi. Paytaxtda ən çox istehlak olunan “zavod” çörəyinin çəkisinin də standartlara uyğun -700-750 qramdan az olduğu müşahidə edilir. Bu fakt çörəyin standartlara uyğun bişirilmədiyindən xəbər verir.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çörəklərlə bağlı problemlərin sovet dönəmindən də olduğunu dedi: “Vaxt aşırı bu cür hadisələr baş verib ki, çörəyin içindən şüşə qırıntısı, qum, sancaq çıxıb. Əlbəttə ki, burada nəzarət işi güclü olmalıdır. Bu artıq istehsalatın təhlükəsizliyi və sanitar normalara riayət olunması məsələsi var. Bu nəzarəti gücləndirmək lazımdır. Əgər hansısa təşkilat bu pozuntuya yol veribsə, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır ki, birdə belə bir şey təkrarlanmasın. Çörəyin keyfiyyəti və təhlükəsizliyi məsələsinə gəlincə isə Azərbaycanda bu hal bir zamanlar daha geniş şəkil almışdı. Azərbaycanda çörək üçün istehsal olunan buğda demək olar ki, xaricdən gətirilir. Əsasən də Rusiyadan və Qazaxıstandan gətirilir. Rusiyadan gətirilən buğda mal qaraya verilən buğdadır. Bu buğdanı çörək halına gətirmək üçün ona müəyyən dərmanlar qatırdılar. Çörək istehsalçıları daha çox pul qazanmaq üçün bu prosesdə iştirak edirdi.
Yəni ucuz qiymətə heyvana verilən yem buğdasını gətirir və ərzaq buğdasının yerinə verirdilər. İş ondadır ki, Sovet dövründə standart belə idi ki, bişirilən çörəyin ununun 85-86 faizi ərzaq buğdasından hazırlanmalı, 14 faizi isə yem buğdasından. Azərbaycanda isə belə bir hal baş verdi ki, 85 faiz yem buğdası 15 faiz isə ərzaq buğdasından istifadə edildi. Mən bununla bağlı çoxlu tədqiqatlar aparırdım. İki il bundan qabaq çörəyin qiymətini qaldırmaq istəyirdilər. Biz əsaslandırdıq ki, bu əsassızdır və çörəyin keyfiyyəti ilə bağlı məsələlərə yenidən qayıtdım. Bununla bağlı Standartlaşdırma Komitəsində böyük iclas oldu. Bütün çörək bişirənləri o iclasa yığmışdılar. Bundan sonra çörək üçün lazım olan buğdanı Rusiyadan daha çox Qazaxıstandan vurmağa başladılar. Bununla da keyfiyyət normallaşdı. Amma məndə olan son məlumatlara görə hazırda yenə də əsas buğda Rusiyadan vurulur və bu yem buğdasıdır. Bu buğdanı da çörək vəziyyətinə gətirmək üçün yuxarıda qeyd etdiyim kimi müxtəlif dərmanlar vurulur. Hesab edirəm ki, bu da insanların sağlamlığına kifayət qədər zərər vurur”.
Keyfiyyətli çörəyi necə seçmək məsələsinə gəlincə M.Əliyev çörək alanda müəyyən detallara diqqət etməyin vacibliyini vurğuladı: “Çörək alarkən onu müəyyən qədər saxladıqda görürük ki, çörək quruyur, kif basır və sairə. Yəni çörəyin nə qədər keyfiyyətli olub olmaması çörəyin bir iki gün qalmasından sonra özünü göstərir. Sovet dövründə zavod çörəyinin çəkisi bir kiloqram idi. İndi həmin çörək eyni formada 400 qramdır. Bu çörəyə xüsusi mayelər vururlar ki, şişsin və həcmli görünsün. Bu çörəklər normal zavod çörəyindən 600 qram az deməkdir. Çörəyin növləri var. Buğda və zavod çərəyi. Məsələn Rusiyada, Almaniyada, Ukraynada həmin çörəklər ağır, bərk çörək olur. O çörək 10 gündə qalsa xarab olmur. Bizim çörəklərin bu cür olması onların keyfiyyətsiz undan bişirildiyini deməyə əsas verir”. (musavat.com)