Qızdırmanı salmaq üçün ƏN SADƏ ÜSULLAR
"Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü büruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir", - deyə fitoterapevt Esmira Zeynalova məlumat verir. Unikal.org xəbər verir ki, o bildirib ki, hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur. E.Zeynalovanın dediyinə görə, qızdırmanı salmaq üçün sadə tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir. Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir. Həkim-fitoterapevt uşaqlarda qızdırmanı salmaq üçün bir neçə üsul da tövsiyə edib: - 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətfəyə bükülərək havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazm əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz. Lakin həkim göstərişi olmadan antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etmək yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir. Qızdırmanı salmaq üçün daha təsirli təbii üsullar var. Bu sahədə moruq mürəbbəsi ən yaxşı vasitələrdən biridir. Moruğun tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetilsalisil turşusunun - təbii aspirinin olması ilə əlaqədardır. Bu turşu moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq təbii asetilsalisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir. Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən olan portağalın tərkibində təbii asetilsalisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Onu gündə 3-4 dəfə qəbul etmək olar. Təbiətdə tərkibində aspirin saxlayan bitkilər çoxdur. Məsələn, söyüd qabığında belə xüsusiyyət var: qızdırmanı salır, baş ağrısını, oynaq və əzələ ağrılarını aradan qaldırır. Söyüd budaqları toplanır, yuyulur, qabığı soyulur və qurudulur. 1 litr qırmızı şəraba 50 qram qurudulmuş söyüd qabığı qarışdırılır və 3 həftə dəmlənir, qrip və qızdırma zamanı gündə iki dəfə 1/4 stəkan qəbul edilir.AzerTaym.az