Artıq may ayı olmasına baxmayaraq, Azərbaycanda dəm qazından boğulma halları hələ də azalmayıb. Bu gün 5 qadının 1 evdə boğulması dəm qazından zəhərlənmələrlə bağlı hadisələrin ən dəhşətlilərindən biridir.
Əhali arasında isə dəm qazının zəhərli olması ilə bağlı şayiələr gəzir.
Bəs şayiələrin əsası varmı?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BakuPost.az-a açıqlamasında gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Bildirib ki, dəm qazından zəhərlənmələr insanların lazımi proseslərə düzgün əməl etməməsi nəticəsində baş verir və bunun qazın zəhərli olması ilə bağlılığı yoxdur.
Onun sözlərinə görə, insanlar qapalı məkanlarda qazı yanılı qoymamalıdır: "Qaz zəhərli olmur. Əgər qaz zəhərli olsa, o zaman bütün bina sakinləri məhv olar. "Azəriqaz”ın və ya paylayıcı şəbəkənin hər bir rayon üçün ayrıca sistemləri var. Yəni hər bina üçün ayrıca bir vintel var. O zəhərli maddəni oraya haradan qatmaq olar? Təbii ki, binadan qatmaq olmaz. Bunu ancaq paylayıcı şəbəkədən qatmaq olar. Paylayıcı şəbəkə isə hər rayona bir dənədir. Deməli hər rayon onda məhv olmalıdır?
Ümumiyyətlə, mənzildə belə hadisələrdə evdə 1 və ya 5 nəfər olan zaman hamısı məhv olmalıdır. Bu cür bədbəxt hadisələr, ancaq insan faktorundan olur. Orada digər amillər olmur.
"Azəriqaz”ı qazı kəsdikləri, xəbərdarlıq etmədikləri, təmir işləri apardıqları üçün günahlandırmaq olar. Çünki qurumun nümayəndələri səs gücləndiriciləri ilə gəlib əhaliyə xəbərdarlıq etmir. Mətbuata məlumat verməklə yanaşı bunu da etmək lazımdır”.
Əsas məsələ odur ki, insanlar qapalı məkanda qazı yanılı qoymamalıdır. Bunu "Azəriqaz” yüz dəfə deyib. Mən artıq küçələrdə qazın insan həyatına təhlükəliliyi ilə bağlı reklamları da görürəm. Məsələn, avtomobil yanılı saxlayan zaman yarım saatdan sonra içərisində olan şəxs həlak olacaq. Bu da onun kimidir. Bu, insan faktoruyla əlaqəlidir”.
İlham Şaban bildirib ki, əvvəllər də qazdan zəhərlənmə halları baş verib: "Yəni o vaxtlar da insanlar indi olduğu kimi etdikləri zaman bu cür hadisələr olurdu. İnsanlar ölürdülər. Amma əvvəllər müəyyən vasitələrdən istifadə edirdilər. Məsələn, evlərin bacaları olurdu, ya da nəfəsliyi açırdılar. İndi isə hər yeri bağlayıb yatırlar.
Əgər 20 manatlıq siqnalizasiyanı alsalar, belə olmaz. Zəhərlənmənin miqdarı artan kimi biləcəklər. 2007-ci ildən bunu deyirlər. Amma insanlar pullarına qıyıb canlarını xilas etmirlər”.