Ətdən hazırlanan içki sentyabrda SATIŞDA OLACAQ
Alman ətçi Peter Klassen bazara ətdən içki çıxaracaq. Bu barədə lenta.ru saytı “Die Welt” nəşrinə istinadən yazıb. Məhsul sentyabrda Almaniya bazarına çıxarılacaq. Onun dediyinə görə, artıq Lüksemburq, Belçika və Fransadakı istehsalçılarla müqavilələrini tamamlayıb. Ətçi bu məhsulla bağlı beynəlxalq patent də alacaq. Dediyinə görə, insanların bu içki ilə bağlı anonsu maraqla qarşıladığını müşahidə edib. İçkini hazırlamaq üçün əti tərəvəzlərlə birgə qaynadır və püre halına gələndə qaynamanı dayandırırlar. Daha sonra əmələ gəlmiş maddənin suyunu sıxıb, butulkalara doldurur və sterilizə edirlər. 55 yaşlı ətçi deyir ki, bu yolla içkini bir il boyunca saxlamaq mümkündür. O, hesab edir ki, belə bir içkini ordunun ehtiyaclarını ödəmək və ya humanitar yardım üçün istifadə etmək mümkündür. Klassen bu resepti oğlu Filip və aşpaz Ştefan Kimmellə birgə 3 il ərzində ərsəyə gətirib. O, hesab edir ki, ətdən hazırlanan içkini sevənlərlə yanaşı, ona nifrət edənlər də çox olacaq.