Supermarketlərdə çəkiliş qadağası qanunidir, YOXSA..
Eyyub Hüseynovun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində belə qadağa yoxdur Son illərdə ölkədə supermarket, hipermarketlərin sayı sürətlə artmaqdadır. Bu cür böyük marketlərdə məişət üçün lazım olan müxtəlif növ, o cümlədən qida, xırdavat, elektrik, kosmetik, tütün, alkoqol və digər məhsullar satılır. Burada bəzi kiçik marketlərdə rastlaşdığımız “Alınan mallar geri qaytarılmır” kimi qadağalarla qarşılaşmırıq.
Lakin bir qadağa bütün supermarketlərdə var: bu, şəkil və ya video çəkmək qadağasıdır. Alıcı istənilən supermarketə girib, hansısa məhsulun keyfiyyətini, qiymətini, görünüşünü məsələhətləşərək almaq və ya özü üçün araşdırmaq məqsədilə adi telefonla belə çəkmək istədikdə marketin əməkdaşları anında onun başının üstünü kəsdirir, çəkilişə icazə olmadığını bildirir, çəkilən şəkillərin silinməsini tələb edirlər. Bu cür hallarla daha çox jurnalistlər rastlaşırlar. Bəs səbəb nədir?
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı kimi yaxın ərazidə yerləşən bir neçə supermarketdə olduq. Elə bu dəfə də adi telefonla hansısa məhsulların şəklini çəkmək istəyəndə market işçiləri buna etiraz edib, çəkilişin qadağan olunduğunu bildirdilər.
Səbəbini isə market rəhbərlikləri bu cür izah etdilər: "Heç bir çəkilişə icazə yoxdur, qadağandır. Səbəbi isə müxtəlif məsələlərlə bağlıdır. Burada qiymət dəyərləri, şirkət və firmalar arasındakı rəqabət və sairə səbəblər var. Bu cür qadağa bütün supermarketlərdə tətbiq edilir".
Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür münasibət bildirdi:
“Supermarketlər ayrı-ayrı qurumlardır. Onlar öz ərazilərində istənilən qadağanı qoya bilərlər. Lakin qadağa qoyulan ərazilərdə həmişə qeyri-şəffaflıq, cinayət əməlləri, istehlakçı hüquqlarının pozulması var. Düşünürəm ki, bu, biznes etikasına zidd bir davranışdır. Lakin bir daha qeyd edirəm ki, özəl qurum belə qaydalar tətbiq edə bilər. Məsələn, Nazirlər Kabinetinin 94 saylı qərarı var ki, satılan məhsulların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədləri olmalıdır. Əks halda, dövlət orqanları tərəfindən həmin yer cərimə oluna bilər. Bəzən görürük ki, mağazalarda ”Alınan mallar geri qaytarılmır" elanı asılır, bunlar hamısı qanunazidd hərəkətlərdir. Bəziləri bu cür qeyri-qanuni hərəkətlərinin ictimailəşməsindən qorxurlar. Ən brend markalı malların da satıldığı mağazalarda qanunsuzluqlar, qiymət siyasətinin pozulması halları var. Məhsulun üzərinə istədikləri qiyməti yazıb sonra da üzərindən xətt çəkirlər, guya ki, endirim var, halbuki heç də endirim edilmir.
Buna görə də aidiyyəti qurumlar qadağa qoyulan ərazilərə daha çox diqqət ayırmalıdır".
Hüquqşünas Vüqar Babayev isə məsələyə hüquqi tərəfdən aydınlıq gətirdi: “Supermarket də hansısa şəxsin mülkiyyətidir. Beləliklə, marketdə olan əşyalar həmin şəxsin ixtiyarındadır və buna görə də o, marketdə şəkil və ya video çəkməmək üçün qadağa qoya bilər. Buna görə qanunda nə mülkiyyətçi, nə də şəkil çəkən üçün hansısa məsuliyyət nəzərdə tutulmayıb”.
Bəs bu cür qadağa təkcə Azərbaycanda tətbiq edilir, yoxsa?...
Eyyub Hüseynovun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində supermarketlərdə şəkil çəkmək qadağası yoxdur.
Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, İranda heç bir supermarketdə şəkil çəkmək qadağası yoxdur. Tehranda yaşayan bir soydaşımızın sözlərinə görə, bu cür qadağa yalnız brend markalı geyim mağazalarında olur. Qadağanın səbəbi isə yeni modellərin başqa firmalar tərəfindən plagiat edilə biləcəyi təhlükəsi ilə bağlıdır.
Eləcə də qardaş Türkiyə dövlətində adətən bu cür qadağaya rast gəlinmir.