Deputat Cinayət Məcəlləsinə edilən DƏYİŞİKLİKLƏRİ şərh etdi

“Cinayət Məcəlləsində 300-ə yaxın dəyişiklik edilib. Burada çox əsaslı və müsbət məsələlər yer alıb. Adətən başqa ölkələrdə avtoqəzalar zamanı dəymiş ziyan ödənilirdi, barışıq olurdu və cinayət işi başlanılmırdı . Dəyişikliklər təsdiq edildikdən sonra da Azərbaycanda da bu prosedur baş tutacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasətivə dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, alternativ cəza kimi azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə yenidən daxil edilib.

 

“Həmin maddə qanunvericilikdə başqa mahiyyətdə vardı. Azadlığın məhdudlaşdırılması cəzası elektron vasitələr vasitəsilə aparılacaq.

 

Cinayət Məcəlləsində xüsusən iqtisadi və mülki məsələlər üzrə dəymiş ziyan tam olaraq ödənildikdə cinayət məsuliyyətindən tam olaraq azad etmə məsələləri var.  Məcəlləyə dəyişiklik əsassız həbslərin, cəza çəkmə müəsissələrində sıxlığın qarşısını alacaq. Hətta ömürlük azadlıqdan məhrum etmə cəzasına da müəyyən təkliflər var”.

 

Tahir Kərimli deyib ki, bir sıra ciddi məsələlər üzrə cəzaların yuxarı hədi aşağı salınıb. 

“Bu məni narahat edir. Elə məsələlər var ki, daha yüngün hallarda cəzanı yüngül vermək olar, nəinki ağır hallarda. Kreditlərin ödənilməsi ilə bağlı xeyli miqdar olduqda ikilədək azadlıqdan məhrum etmə, külli miqdar olanda bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Təsəvvür edin ki, 5 min manat ziyan vuran iki il cəza ala bilər. Məhkəmə isə ancaq 500 min ziyan vurana bir il cəza verə bilər. Belə məsələlər doğrudan da çox narahatedicidir.

 

Amma bu 300-ə yaxın dəyişikliyin çox böyük siyasi-ictimai əhəmiyyəti var. Bəzən biz görürdük ki, “balinalar” çöldə üzür. Məhkəmələr isə “kilkə balıqları” tutmaqla məşğul idi. Yəni daha böyük cinayətkarlar çöldə qalırdılar. İndi isə Məcəllənin tələblərinə uyğun olaraq bəzi şəxslər məsuliyyətə cəlb edilməyəcək. Bu çox müsbət haldır”.

 






Fikirlər