"Vəzifəli şəxs bu qədər ciddi cinayətə yol verirsə,..." - Saxta tenderlərlə bağlı YENİ QANUN

Картинки по запросу Qüdrət Həsənquliyev 

Bu gün Milli Məclisin plenar iclasında "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, qanuna satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlı 308-2-ci maddənin əlavə edilməsi təklif edilir.
Ə.Hüseynli bildirib ki, bu dəyişiklik satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını "Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmağa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını "Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmağa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Millət vəkili Qüdrət Həsənquliyev bu maddənin əlavə edilməsini yüksək qiymətləndirib. Bununla belə deputat cəzaların tətbiqi ilə bağlı ciddi sualların yarandığını vurğulayıb:
"Prezident İlham Əliyev tərəfindən də dəfələrlə vurğulanıb ki, büdcə vəsaitlərinə kifayət qədər qənaət olunmalıdır, büdcə vəsaitləri qorunmalıdır, mənimsəmə hallarının qarşısı alınmalıdır, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma cəza tətbiqi ilə bağlı, yəni normanın sanksiyası ciddi suallar doğurur.
Məsələn, burada qeyd olunur ki, satınalma zamanı qanunvericilik pozulursa və bunun nəticəsində dövlətə 50 min manatdan çox ziyan vurulduqda bu cinayət məsuliyyəti yaradır. Yəni, 50 min manata qədər dövlət vəsaiti oğurlanırsa, bu da oğurluğun bir formasıdır.
Söhbət nədən gedir? Burada cinayətin subyektindən söhbət gedir. Yəni, oğru dövlətin, ictimai əmlakı, vətəndaşın əmlakını oğurlayır. Yəni, qeyri-qanuni yolla, gizli formada əmlakı ələ keçirir. Burada da satınalmalar zamanı tender keçirmədən, kiminlə isə cinayət əlaqəsinə girməklə dövlət əmlakı  mənimsənilir. Bir manatlıq iş beş manata gördürülür. Yaxud 1 manat dəyəri olan əmlak 5 manata alınır. Bu, oğurluğun başqa bir formasıdır. Amma burada subyekt vəzifəli şəxsdir. Vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə etmək yolu ilə oğurluq edir.
Məsələn, birisi avtobusda əlini kiminsə cibinə atmaqla oğruluq edir, o birisi də vəsaitləri qanunu pozmaqla, yüksək qiymətlər yazmaqla dövlət əmlakını oğurlayır. Bunun heç bir fərqi yoxdur. Gedib su sayğacını oğurladı və yaxud büdcədən vəsait oğurladı.
Bu misalı niyə çəkirəm? Baxın, bizdə oğurluğa görə, 177-ci maddədə qeyd edirik ki, şəxsin oğurladığı əmlakın dəyəri 30 manatdan çox olduqda cinayət məsuliyyəti yaranır. Bunun sanksiyasına fikir verək. Burada 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Amma 50 min manata qədər oğurluq edən şəxsə biz deyirik ki, bu, inzibati qaydada məsuliyyət yaradır,  ümumiyyətlə cinayət məsuliyyəti yaratmır. 50 min manatdan 250 min manatadək dövlətin pulunu oğurlamağa görə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yəni, indi belə çıxır ki, vəzifəli şəxslər üçün biz oğurluq etdiyinə görə başqa cəza nəzərdə tuturuq, adi vətəndaşlar üçün başqa cəzalar nəzərdə tuturuq. 177-ci maddənin 2-ci hissəsi külli miqdarda oğurluqla bağlıdır. Külli miqdarda, yəni 7 min manata qədər oğurluq edən adama 6 ildən 12 ilədək cəza nəzərdə tutulur. Amma dövlətə 250 mindən çox ziyan vuran adama, vəzifəli şəxsə biz 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəza nəzərdə tuturuq. 7 min manata görə 6 ildən 12 ilədək, 250 min manatdan çox ziyana görə 2 ildən 4 ilədək  azadlıqdan məhrumetmə nəzərdə tuturuq. Vəzifəli şəxs bu qədər ciddi cinayətə yol verirsə, ilk növbədə məcburi qaydada müəyyən müddətə vəzifə tutma hüququndan məhrum edilməlidir və bu normada öz əksini tapmalıdır. Burada ədaləti gözləməliyik”.
Ə. Hüseynli isə bildirib ki, iqtisadi sahədə cinayətkarlıqla bağlı cinayətlərdə əsas məqsəd dəymiş ziyanın ödənilməsi ilə bağlıdır: "Yaxın zamanlarda iqtisadi sahədə cinayətkarlıqla əlaqədar humanistləşmə ilə bağlı qanunlar paketi daxil olacaq. Bizim əsas məqsədimiz vurulan ziyanın ödənilməsi ilə bağlıdır”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.APA

 






Fikirlər