XARİCDƏ TƏHSİL alan dindarlara nəzarət güclənir - QANUN SƏRTLƏŞİR

Milli Məclisə yeni düzəlişlər göndərildi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dini təbliğat apararsa, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 168-1 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsinin 1-ci və 2-ci bəndlərində dəyişiklik edilir. Belə ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Layihədə bildirilib ki, ötən il “Dini etiqad azadlığı haqqında” Qanunda edilən dəyişiklikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Habelə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları  İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilir.

Dini komitə ile ilgili görsel sonucu

Yada salaq ki, Milli Məclis 2015-ci ilin dekabrında  “Dini etiqad azadlığı haqqında” Qanunu qəbul edib.  Qanuna əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

milli məclis ile ilgili görsel sonucu

Dini Komitədən bu günlərdə verilən rəsmi  statistikaya görə, xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur. Komitədən bildirmişdilər ki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar. Amma o da bildirilirdi ki, xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var: “Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, zərurət olduqda xaricdə dini təhsil alanlardan və müvafiq yoxlamalardan keçdikdən sonra dini ayinlərin icrasında istifadə edilsin. Xaricdə dini təhsil alıb ölkədə dini ayinləri icra edənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir”.

Görünən odur ki, hökumət bu sahədə müəyyən yumşalma və sistemləşmə yaratmağa çalışır. Çünki təcrübə göstərdi ki, xaricdə dini təhsili, ümumiyyətlə, təhsili qadağan etmək mümkün deyil. Digər tərəfdən, Azərbaycanda təhsilin digər sahələri kimi dini təhsil sahəsində də ciddi problemlər var. Üstəlik, bu sahədə uzun illər rəsmi məhdudiyyət olduğu üçün Azərbaycanda dini təhsil müəssisələri digər müsəlman ölkələrindən çox geri qalır. Bu səbəbdən də yerli kadrlar ilahiyyatçı tələbatını hələ ödəyə bilmir.






Fikirlər