Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”
Tanınmış aparıcı Lalə Azərtaşın “Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, ayağının kirini, suyunu da içəcəksən” ifadəsi hələ də müzakirə olunmaqdadır. Yenicag.az-a açıqlama verən Əməkdar artist, tanınmış müğənni Şölə Səfərəliyeva bu mövzunun müzakirə olunmasının əleyhinə olduğunu bildirib: “Kişinin ayağını yumaq, suyunu içmək, bu, əslində məcazi mənada işlədilən ifadədir. Yəni ər və arvad xoş və dar gündə son dərəcə mehriban olmalıdır. Xanım əgər yorğundursa, kişi ona kömək edə bilər. Bu, sevgidən yaranan bir haldır. Şərt kişinin ayağını yumaq deyil ki… Qadın var ki, kişi hamamda çiməndə belini ovur. İndi o deməkdir ki, qadın bunu etməməlidir? Yəni qadın və kişi arasında heç bir sərhəd yoxdursa, ayaq yumaq bunun yanında çox gülünc bir söhbət olacaq. Qanun deyil, kim istəyir, kişinin ayağını yuyur, kim istəmir, yumur. O qədər bəylər var ki, hamiləlik dönəmində də, adi vaxtlarda da xanımına hər cür kömək edir. Kiminsə sözünü məsxərəyə qoymaq lazım deyil. Dediyim kimi, bu, sevgidən, qayğıdan yaranan bir vəziyyətdir. Necə analar uşağını sevərək ayağını da yuyur, hər yerini də. Həmçinin həyat yoldaşı da belə baxanda hər bir qadının övladıdır. Evdə də bunu görmüşəm. Evin kişisi yorğun gəlibsə, yaxud da xəstədirsə, yataqdan dura bilmirsə, xanım ləyən gətirib, kişinin ayağını isti suya qoyub. Ümumiyyətlə, belə şeylərin müzakirəsini düzgün hesab etmirəm”.