ANS MTRŞ-dan əl çəkmir
Prezident İlham Əliyevin “Milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncamının necə icra edildiyi barədə ANS-in araşdırmaları davam edir. ANS Müstəqil Yayım və Media Şirkəti bununla bağlı olaraq Milli Televiziya və Radio Şurasına bu gün yenidən rəsmi müraciət edib.
Müraciətdə bir daha xahiş olunur ki, MTRŞ “Milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli, həmçinin 4 aprel 2013-cü il tarixli Sərəncamlarına əsasən ayrılan 11 (on bir) milyon manat vəsaitin aqibəti barədə ictimaiyyətə dolğun və aydın şəkildə Hesabat versin.
Yəni burada hər bir yayımçı kanal və istehsalçı şirkət, onlara ayrılan vəsaitin dəqiq məbləği və hansı layihə üçün buraxıldığı dəqiq göstərilsin. Məktubda MTRŞ-yə tələb olunan Hesabat-ın forması da göndərilib ki, bu da məlumatların daha anlaşıqlı və dolğun ifadə olunmasını təmin edə bilər.
Bu dəfəki məktubu oxşar məzmunlu əvvəlki müraciətlərdən fərqləndirən bir cəhət də odur ki, sənədin surəti maliyyə naziri Samir Şərifova, vergilər naziri Fazil Məmmədova, baş prokuror Zakir Qaralova da ünvanlanıb.
Məktubda qeyd olunur ki, ən xırda detallaradək cavab alınana qədər müraciətlər davam edəcək. Buna qədər MTRŞ ANS-in müvafiq sorğusuna iki dəfə cavab verib, amma hər dəfə də onların hesabatları səthi və qeyri-qənaətbəxş qiymətləndirilib.
MTRŞ-yə son müraciətdə o da qeyd olunur ki, araşdırma qaneedici cavab alınana qədər davam edəcək./azvision