Xoşqədəmin verilişləri efirə qayıdacaq? – MTRŞ-dan açıqlama
Bu barədə AzNews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, sözügedən verilişlərdə irad bildirilən nüanslara yenidən rast gəlinərsə, MTRŞ yenidən onlara cəza tətbiq edəcək: “Biz o verilişləri qanun pozuntusuna görə dayandırmışdıq, sanksiya tətbiq etmişdik.Verilişlər bir ay müddətinə dayandırılmışdı. Bundan sonra verilişlərin efirə qayıdıb, qayıtmaması televiziya rəhbərliyinin qərarına bağlıdır. Əgər bundan sonra yenidən qanun pozuntuları olarsa, biz tərəfdən cəza tətbiq olunacaq”.
Xatırladaq ki, MTRŞ sentyabrın 30-da keçirdiyi iclasnda“ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. “ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq “ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
İclasda həmçinin “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Sən tək deyilsən” proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən – 19.00-dək və “Xoşqədəmlə axtarıram səni” proqramının efir vaxtında – hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.