“Hansı gün evdə çətinliyimiz olur, o gecə yuxuma gəlir. Elə bil, hiss edir ki, nə isə qayğımız var. Nəvələrini soruşur. Bir də balaca oğlunu çox istəyir, onu xəbər alır”...
Əvvəl gözünü Dilqəmin şəklinə dikib susur, sonra baxışları divarlarda, tavanda gəzişir. Hiss edirəm, qarşımda ağlamaq istəmir. Bəlkə qüruruna sığışdırmır, bəlkə utanır, bəlkə dərdini təzələmək istəmir, bilmirəm. Amma... amma qadın göz yaşlarını nə vaxt gizləyə bilib ki?! Özü də o qadının əri, balalarının atası erməni əlində girov ola. Ortalığa çökən sükutu özü pozur. Pozur və hər şey yenə təzədən başlayır. O sükut da təzədən başlayır, o titrək barmaqlar da üzündə təzədən gəzir.
- Armud toxumu gətirmişdi. Deyirdi, əkəcəm, kəndimizin armudunu yeyərik. Bir də Kəlbəcər qarağatı...
* * *
Müşfiq qəsəbəsinin girişində bizi Dilqəm Əsgərovun oğlu Kürdoğlu qarşılayır. Şəmkirdə sürücülük edir Kürdoğlu. İstiqanlı, qürurlu oğlandır. Deyir, Bakıya hərdən gəlirəm. Anama, qardaşıma baş çəkməyə. Bir-iki ay əvvəl Müşfiqdə məcburi köçkünlər üçün tikilən binada məskunlaşıblar. Üçüncü mərtəbədə geniş, təmirli evdir. Evin girişində saçları ağappaq qadın dayanıb, bizi gözləyir.
- İki bacı, iki qardaşıq, - Kürdoğlu danışır, - bacılarım Şəmkirdə olurlar. Qardaşım da “malyar”dır, iş tapanda gəlib Bakıda qalır. İndi ev-eşik var, anamla bir yerdə yaşayırlar. Anam bu yaxınlarda əməliyyat olundu. Ona görə burda qalır ki, lazım olanda həkimə yaxın olsun.
Kürdoğludan atasının Kəlbəcərə sonuncu səfəri haqqında danışmağını istəyirəm. Danışır:
- Yaxşı yadımdadır. 2014-cü ilin iyun ayı idi. Bakıda tikintidə işləyirdim. Hiss edirdim, atam gedəcək. Son vaxtlar Bakıda, Tovuzda olan dostları ilə görüşürdü. Ayın 19-da evdə çörək yeyirdik, dedi, get, mənə kontur al. Konturu yüklədi, getdi atası ilə görüşməyə. Yazdığı bütün məktublarda atasını soruşur, tapşırır ki, dədəmə yaxşı baxın. Evdən çıxandan iki-üç saat sonra zəng vurdum, telefonu bağlı idi. Dedim, hə, getdi. Bildiyi bir söz var idi: Kəlbəcər. İşğaldan beş il sonra demək olar, hər il gedib-gəlirdi. Bir nəfər ona deyib, sən niyə ziyarətə Məkkəyə yox, Kəlbəcərə gedirsən? O da cavab verib ki, sən təyyarə ilə iki saata Məkkəyə çatırsan, mən 16 gün ac-susuz doğulduğum kəndə gedirəm, ziyarət edirəm. Birinci dəfə Hidayət adında qoca kişi ilə gedib. Hidayət kişinin oğlu Kəlbəcərdə itkindir, o da atama qoşulub ki, bəlkə oğlundan bir xəbər ala. Şahbazı özü ilə bir dəfə aparıb gətirmişdi. İkinci dəfə aparanda tutuldular. Şahbaz müharibədə atamın əsgəri olub. Atam Permdə meşə işi ilə məşğul olurdu.
Həmişə qayıdıb gələndən sonra kaseti qoyurdu, bizi də yığırdı başına ki, baxın, Kəlbəcərdən gəlmişəm.
Firuzə xanım çay gətirir. Yanımızda dinməz oturub uzun-uzun susur, oğluna qulaq asır. Gücü ancaq hərdən köks ötürməyə çatır. Bir də əlini tez-tez Dilqəmdən sonra ağaran saçlarına gəzdirir. Danışmaq üçün təkid etməsəm, dillənmək istəmir.
- O gedəndən sonra bilirdik ki, Kəlbəcərdədir. Bakıda olurdu, Permə işləməyə gedirdi, ona görə nə vaxt getməyindən xəbər tuta bilmirdik. Qayıdandan sonra hamı deyirdi, dörd uşağın var, onları qoyub getmə.
O da cavab verirdi ki, vətən, torpaq hər şeydən üstündür. Bilirsən, zəhmli adamdır. Təbiəti ağırdır. Uşaqlarına bir dəfə baxanda bilirdilər nə istəyir. Mən özüm də, uşaqlarım da ondan çəkinirdik. Dilqəmin anası Göyçəlidir, atası Kəlbəcərli. SSRİ Ali Sovetinin deputatı Aydın Məmmədov Dilqəmin babası olub. Öz doğulduğu Şaplar kəndinə, anasının qəbrini ziyarət etməyə gedib, erməni deyir, sərhədi pozmusan. Erməni bir milyon adamı didərgin salıb, öz etdiyini qanun pozuntusu saymır, Dilqəmin vətənini ziyarət etməsi cinayətdir? Mən özüm də Şaplarda doğulmuşam. Dilqəmlə əminəvəsiyik. Bizim evi çəkib gətirmişdi. Erməni hər yeri yandırıb, dağıdıb.
Evimizi gördüm, dörd divarı qalıb. Dilqəm pilləkənimizə bayraq sancmışdı. Videosu var. Deyir, istərdim, hər bir azərbaycanlının evinə belə bayraq sancılsın. Qardaşımın, babamın, yeznəmizin məzarını çəkib gətirmişdi. Erməni qəbirləri dağıdıb, hamısını güllələyib. İnsanların sümüklərinə qədər. Qazıb çıxarıblar. Özü videoda ağlayırdı ki, qəbirlərdən nə istəyirsiniz? Rayona ən yaxın kənd bizim Şaplar kəndi idi. Biz Şəmkirə gəlib məskunlaşdıq. Dilqəm briqadir işlədi, ferma müdiri işlədi. Kəlbəcərə getmək istəyəndə neçə adam istəyib getsin, bacarmayıblar. Yoldan qayıdanlar da olub. İndiyə qədər yeddi-səkkiz dəfə getmişdi. Elə olurdu, ildə iki dəfə gedirdi. İndi istəyirik, heç olmasa, telefonla danışaq, səsini eşidim, ona da icazə vermirlər. Hamı deyirdi, bu yoldan əl çək, eşitmədi. Deyirdi, ölümdən qorxursunuz. Dilqəm vətəninə hər şeyini verən oğuldur. Hamını atdı, vətənini tutdu. Həmişə də deyirdi, kimə nə edirəm? Nə qədər dizimdə taqətim var, kəndimə gedib-gələcəyəm. Erməni də bəhanə edir, boynuna cinayət qoymaq istəyir, ona ağır işgəncələr verir.
Firuzə xanım Dilqəmin kəndlərinə keçirdiyi günlərdən danışır. Deyir, gecələr həyətlərində, qəbiristanlıqda gecələyirmiş ki, qəbirlər tək qalıb qorxmasın, həyət-bacadan göz-qulaq olsun.
- Elə bil, əzizlərinin ruhu ilə danışırmış. Yəni ki, öz kəndimdəyəm, arxayın olun. Bir dəfə xəstələnib, qızdırması qalxıb. Bizim kənddə kümbəz var, bir gün orda qalıb. Kəkotu yığıb, çay qaynadıb içib. Hamının adını çəkirdi, evlərindən danışırdı. Sayalı nənəsi kəndin başında qalırdı. Onun evini çəkib gətirmişdi. Böyüdüyüm evin videosunu baxdım. Gördüm ki, bağımızdakı ağacların hamısı quruyub.
Sükut və göz yaşları...
- Bizim qapı qonşumuz var idi. Nağı kişi. Dörd qızı var idi. Qaçqınlıq düşəndə arvadı ilə kənddə qaldı. Nağı kişi yataq xəstəsi idi. Deyirmiş, onsuz da ölürük, erməni bizə nə edəcək? Dilqəm onların evinə getmişdi. Ermənilər daxalı yandırmayıblar. Ər arvad iki-üç il orda yaşayıblar. Sonra biri ölüb, o biri onu basdırıb. Evdən arvadın donunun qırıqlarını, qab-qaşıqlarını tapmışdı. Hətta deyirdi, çaynikin içində çay qalmışdı. Ödümdə daş var idi, ağrıyanda deyirdi, bu dəfə Kəlbəcərdən sənin üçün isti su gətirəcəyəm. Birinci dəfə gedib qayıdanda gördüm, qıçları şişib, ayaqları döyənək olub. Rəngi də qapqara. Dedim, sənə nolub? Deyəndə ki kəndə getmişdim, inanmadım. Kaseti qoydu, gördüm, hə, evimiz, kəndimiz. Elə olurdu, iki gün ayağa qalxa bilmirdi.
- Məktublarında ən çox atasını, bir də qardaşım Babəki soruşur.
Bunu Kürdoğlu deyir. Sonra atasının hansı şəraitdə ələ keçirilməsini danışır:
- İyunun 9-da Şahbaz tutulub. İki gün sonra Həsən Həsənov öldürülüb. Üç gün sonra da atamı tutublar. Erməni mətbuatından Şahbazın ifadəsini oxudum. Atam Şahbazı gözətçi qoyub, Həsənlə hansısa yeri çəkməyə gediblər. Şahbaz onların dediyi yerdə dayanmayıb, bir erməninin evinə girib. Deyib, adım Aleksdir, gürcüyəm. Həmin ailə şübhələnib, oturduğu yerdə Şahbazın başından vurublar. Şahbaz ələ keçiriləndən sonra xüsusi təyinatlılar atamla Həsənin dalınca yollanıblar.
Bundan sonra Həsəni vurublar. Atamı heç kim tuta bilməzdi. Çünki Kəlbəcərdəki bütün mağaraların yerini bilirdi, yolları tanıyırdı. Atam istəsəydi, sərhədi keçib gələrdi. Amma yəqin ki, Həsənin rəhmətə getdiyini bilib, keçə bilməyib. Televizorda Şahbazın tutulma xəbərini verəndə, anam dedi ki, Dilqəmi də tutacaqlar. Sonra mətbuatda oxuduq ki, atam da ələ keçib. Atam məhkəmədə özü-özünü müdafiə edir. Sual veriblər ki, üstündən erməni pasportu çıxıb. Deyib, düz deyirsiniz, tutulandan sonra çıxıb. Yəni siz özünüz qoymusunuz. Hər yerə müraciət etmişik. Atam Rusiya vətəndaşı olduğu üçün Rusiya prezidentinə, səfirliyə, ATƏT-ə, BMT-yə müraciət etmişik. Heç birindən səs çıxmayıb. Atamın qayıtmağı üçün ümidimiz ancaq ölkənin başçısı cənab prezidentədir. Başa düşürəm, çox çətindir, amma inanıram ki, atam evimizə qayıdacaq. Deyiblər, qondarma Dağlıq Qarabağ Respublikasından əfv istə. O da cavab verib ki, mən nə bu məhkəməni tanıyıram, nə də Dağlıq Qarabağ adından respublika. Mən öz vətənimdəyəm. Onu ac-susuz saxlayıblar, işgəncə veriblər, amma dediyindən dönməyib.
Firuzə xanım yeni köçdükləri evlərindən, öd kisəsindən əməliyyat olunmağından danışır. Bir də ailə qayğılarını dilə gətirir...
- Evi bizə prezident verib. Allah canını sağ eləsin. Burda da oluruq, Şəmkirdə də. Topçubaşov adına xəstəxanada ödümdən əməliyyat olundum. Baş həkim Yusif Əliyev sağ olsun, böyük hörmət elədi, necə lazımdırsa, qulluğumuzda dayandı. Kim bizi tanıyırsa, hörmətlə yanaşırlar. Dolanışığımızdan da şikayətimiz yoxdur. Balaca oğlum da işləyir, Dilqəmin dostları da kömək edir. Bir istəyim odur ki, Kürdoğluna yaxşı bir iş versinlər. Yazarsınız ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədova müraciət etmişik, hələ cavab yoxdur.
Söhbətə Kürdoğlu da qoşulur:
- Neçə dəfə cəhd etmişəm, icra başçısı ilə görüşüm, alınmayıb. Ali təhsilim yoxdur, ona görə fəhlə işinə götürürlər. Fəhləyə hər yerdə iş var. Köhnə bir maşınım var, sürücülük edirəm. Bir var taksi sürəsən, bir də var, firma sürücüsü olub, yaxşı maaş alasan. Görək, inşallah, yaxşı olar...
Və son...
Dilqəmin şəkli Firuzə xanımın əlindədir. Özündən ixtiyarsız, özündən xəbərsiz şəkildən boylanan üzü tüklü, gözü həsrətli adamı əzizləyir.
Və bir də son...
Bir qadın ərinin, övladları atasının yolunu gözləyir. O ər, o ata anasının məzarını ziyarət etməyə getmişdi. Getmişdi ki, qəbiristanlıqdakı ruhlar, kəndindəki ağaclar qorxmasın. Və o adam evinə qayıdanda hamı başına yığışıb belə deyəcək: səndən kəkotu qoxusu gəlir...
Fikirlər