Azərbaycanda 2015-ci ildə 6249 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişibsə, 2016-cı ildə bu 6945 olub.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.
Baş onkoloq hesab edir ki, Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı o qədər də çox deyil: "Bu, elə də böyük göstərici deyil. Ölüm halları ən çox xəstəliyin gecikmiş mərhələlərində müraciət edənlər arasında rast gəlinir. Vaxtında müraciət etdikdə tam sağalmaya nail olmaq mümkündür”.
A.Kərimlinin sözlərinə görə, 2014-cü ildə 4256, 2015-ci ildə 4541, 2016-cı ildə isə 4675 nəfərdə onkoloji xəstəlik xəstəliyin I və II mərhələsində aşkar edilib: "Əlbəttə, bu rəqəm o qədər böyük deyil. Amma əvvəlki illərlə müqayisədə bu göstəricini qənaətbəxş saymaq olar. Bundan da yüksək göstəriciyə nail olmaq üçün əhali arasında güclü maarifləndirmə işləri aparmaq lazımdır”.
A.Kərimli qeyd edib ki, ölkədə onkoloji diaqnozla 5 il və daha çox yaşayanların sayı artıb. 2015-ci ildə ölkədəki onkoloji xəstələrin 14 577 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlar olduğu halda, 2016-cı ildə belə xəstələrin sayı 17 166-a yüksəlib: "I və II mərhələdə müraciət edən xəstələrin uzunömürlülüyünə nail olmaq mümkündür. Diaqnozun düzgün qoyulması, müalicə taktikasının düzgün seçilməsi, tibbi texnologiyanın inkişaf etməsi, müasir dərman preparatlarının tətbiqi xəstələrin ömrünün uzanmasına səbəb olur”.
Baş onkoloq əlavə edib ki, xərçəng xəstəliyinə əsasən, yaşı 50-dən yuxarı olan insanlar arasında təsadüf olunur.
AzerTaym.az