Bakıda yeni il yarmarkaları: alış-veriş edən kim, ŞƏKİL ÇƏKDİRƏN kim…

Yeni il ərəfəsində yolka və bəzək əşyalarına tələbat artdığından,paytaxtda müxtəlif ünvanlarda bayram yarmarkaları təşkil olunub.

Küçələrdə pərakəndə satışın qarşısını almaq və bazar qiymətinə nisbətən ucuz mallar təqdim etmək məqsədilə yaradılan yarmarka çadırları "Elmlər Akademiyası, "28 May", "İnşaatçılar", "Nəriman Nərimanov" və digər stansiyaların qarşısında qurulub.

Virtualaz.org bayram yarmarkalarının bəzilərinə baş çəkərək vəziyyətlə maraqlanıb.

Ən çox alış-veriş edilən yarmarkalardan biri “28 May” metro stansiyasının qarşısındakı yarmarkadır. Səhər saatlarından açılan çadırda alver gecə saat 12-yə qədər davam edir. Satıcılar da müştəri bolluğundan razılıq edirlər.

“Hər iki müştəridən biri alış-veriş edir” - satıcı

“Alıcı yaxşıdır, narazılığımız yoxdur. Satdıqlarımız hazırda ən çox tələbat olan mallar olduğuna görə, demək olar ki, hər iki nəfərdən biri alış-veriş edir. Qiymətlərimiz də münasibdir”, - deyə Yusif adlı satıcı deyir.

Yarmarkada ən çox satılan mallar yolka oyuncaqları, zər və işıqlardır. Müştərilər ucuz mal axtardığından daha çox tək-tək satılan oyuncaqlara üstünlük verirlər. Onların qiymətləri isə 60-70 qəpikdən başlanır, 2,5-3 manata qədər davam edir.

Satıcılar deyirlər ki, yolka işıqlarının qiymətləri ölçülərinə və rəngarəngliyinə görə fərqlənir. Keyfiyyət isə demək olar ki, hamısında eynidir – Çində istehsal olunub. 5 metrlik işığın qiyməti 3, 10 metrlik işığın qiyməti isə 5 manatdan başlanır. Şam ağacı da ən çox satılan mallar sırasındadır. Qiymətləri isə ölçülərindən asılı olaraq 8-10 manatdan başlayır. Satıcılar alış-veriş səviyyəsindən razı qalsalar da, yarmarkada tez-tez oğurluq hallarının baş verdiyini deyirlər. Müştəri çox olduğundan, qələbəlik yaranır, nəticədə isə bundan istifadə edərək kiçik əşyaları oğurlayırlar.

“İnşaatçılar” metro stansiyasının yaxınlığındakı yarmarkada da eyni alıcı bolluğu ilə qarşılaşdıq. Satıcılar ən çox yolka oyuncaqları, şar və yeni ilə aid suvenirlərin daha çox satıldığını deyirlər. 2 manatdan başlanan suvenir qiymətləri 20 manata qədər davam edir. Amma bahalı hədiyyələrin alıcıları demək olar ki, yoxdur.

 

“Keyfiyyətsiz oyuncaqlar çoxdur, seçmək lazım gəlir”

Alıcılar yarmarkada qiymətlərin digər mağazalardan ucuz olduğunu deyirlər. Məslən, Xuraman Yusifova adlı alıcı yarmarkadan 40 manatlıq bazarlıq etdiyini deyir. Onun sözlərinə görə, bu, mağazada ona ən az 50-60 manata başa gələrdi: “Yolka bəzəkləri – oyuncaqlar, zər, işıqlar, uşaqlara şaxta baba maskaları, suvenirlər, fişənglər aldım. Bu bazarlığı mağazadan etsəydim, ən azı 50-60 manat xərcləyəcəkdim. Adi qar dənəciyində belə mağazadakı qiymətlərlə müqayisədə 20 qəpik fərq var. Hətta bir mağazada 20 manata gördüyüm, üzərində yeni il aksessuarları olan masa örtüyü burada 7 manatdır. Fərq çox böyükdür. Amma keyfiyyətsiz oyuncaqlar da çoxdur, seçmək lazım gəlir”, - deyə alıcı bildirir.

Fəvvarələr meydanında xeyriyyə məqsədilə təşkil olunan “Soyuq əllər, isti ürək” yarmarkasına da baş çəkdik. “Nargis Fund”un təşkilatçılığı ilə keçirilən yarmarka gələn il yanvar ayının 15-dək davam edəcək.

Yarmarka qurulmuş kiçik taxta evciklərdən təşkil olunub. Burada digər yarmarkalardan fərqli olaraq yemək və şirniyyatlar da almaq mümkündür. İştirakçıların sözlərinə görə, həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük maraq var.

 

“Alış-verişdən çox şəkil çəkdirməyə gəlirlər”

“Biz hədiyyə və suvenirlər satırıq. Əlbəttə, adi vaxtdakından bir qədər ucuzdur. Qiymətlərimiz münasibdir, suvenirlərin qiymətləri 5 manatdan başlayır. Böyük maraq var, hər kəs gəlib nəsə alır. Çoxu da yeni il oyuncağı alanlardır. Amma alış-verişdən çox şəkil çəkdirməyə gəlirlər”, - deyə Nigar Süleymanova adlı satıcı deyir.

Yarmarkada ən çox maraq doğuran müxtəlif şirniyyat və yeməklər satılan köşklərdir. Məsələn, Macarıstan şirniyyatları satılan köşkdə qiymətlər 2 manatdan başlanır. Gündüz vaxtı alıcı qıtlığı çəkdiklərini deyən satıcı bildirir ki, yarmarkaya gələnlər həftə sonu çox olur. Ümumiyyətlə bura səyahət havaya bağlıdır.

“Hava yaxşı olanda gələn çox olur. İki gün əvvəl yağış idi, demək olar ki, burada adam yox idi. Amma bu gün hava yaxşıdır deyə gələn var. Həftə sonu hava yaxşı olarsa, adam əlindən tərpənmək olmur. Qiymətlərimiz də münasibdir, şirniyyatlarımız 2 manatdan başlanır, 4,5 manata qədər davam edir. Biz burada ilk dəfədir ki, iştirak edirik, bura bağlanandan sonra İçərişəhərdə mağazamız açılacaq”, - deyə Zübeydə adlı nümayəndə bildirir.

Yarmarkada həm də kitab satılan evciklərə də rast gəldik. Burada çox kitab və jurnal alanlara endirimlər var: “Hazırda 20 faiz endirimlərimiz var. Uşaqlar üçün kitablara endirimləri daha çox edirik. Bundan başqa onlara hədiyyələrimiz də çox olur. Bir neçə kitab alana jurnal və ya kitab hədiyyə edirik. Ona görə də ən çox satılan uşaq kitablarıdır. Həftə içki çoxu gəlib baxanlardır, amma həftə sonu daha çox kitab satılır”, - deyə satıcı bildirir.

Mağazalarda müxtəlif qiymətə kitablar satılsa da, satıcılar kitab satışında da qiymət faktorunun şərt olduğunu deyirlər. Ən çox satılan nisbətən münasib qiymətə - 5-7 manat aralığında olan kitablardır.

Builki yarmarka miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən fərqlənir. Artıq 5-ci il keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunur. Müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstəriləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinləri məşhur insanlarla görüşür, sevimli ifaçıların çıxışını izləyir, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr əldə edirlər.






Fikirlər