Novruz yaxınlaşdıqca, metroların, keçidlərin qarşısında bayram yarmarkalarının sayı artır.
Müxtəlif çeşidli məhsullar, atributlar istər yarmarkalarda, istərsə də bazar və marketlərdə hər cür seçim imkanı verir.
Bəs bu məhsulların alıcısı varmı? Bayram bazarlığı necə gedir?
Toplum TV əməkdaşı suallara cavab tapmaq üçün "Nəsimi" bazarına, yarmarka və marketlərə baş çəkib.
Ətin qiyməti 12-15 manat
Müşahidələr zamanı məlum olub ki, "Nəsimi" bazarı ilə marketlər arasındakı fərq o qədər də çox deyil. Ət və ət məhsullarının qiymətləri isə demək olar ki, eynidir: "Mal ətinin 1 kiloqramı 12, qoyun ətininki isə 15 manat. Kənd toyuğunu 4.50 - 5 manata almaq olar. Broyler isə bir qədər ucuzdur - 1 kq-ı 4-4.50 manatarası. Xörəklərdə ən çox işlənən kartofun 1 kilosu 0.60-1 manat arası dəyişir. Soğanın qiyməti isə 0.40-0.70 qəpiyədir. Pomidorun 1 kilosu 4-10, xiyarınkı isə 2-5 manatdır. Bayram xonçasının bəzəyi olan yumurta da müxtəlif qiymətədir. Belə ki, quşçuluq şirkətlərinin satdığı yumurtalar 14, kənd yumurtası isə 30 qəpikdir. Bayramı plovsuz təsəvvür etmək olmaz. Buna görə başqa ərzaq alınmasa da, düyü mütləq alınır. Düyünün 1 kilosu isə 2.80-5 manat arası dəyişir".
Qoz-fındıq, ləbləbi...
Novruzda qoz-fındıq, badam, fıstıq süfrənin bəzəyinə çevrilir. Amma qiymətlərə baxanda çox adamın onların hamısından ala biləcəyinə şübhə etmək olar. Belə ki, qozun 1 kq-ı 15-26 manat civarındadır. Fındığın kilosu 12-26, fısdıq 5-7, badam 21-25 manat arasında dəyişir. Qiymətlər məhsulun gətirildiyi yerə, çeşidə uyğun tənzimlənir. Kişmiş də rənginə, sortuna görə qiymətləndirilib. Məsələn, qara kişmişin 1 kilosunu 8-20 manata almaq olar. Sarı kişmişin kilosu bir qədər ucuzdur - 8-15 manata.
Püstənin kilosu isə 20 manatdan başlayır. Ən bahalısını 24 manata almaq olar. Sarı qaysının kiloqramı 9-14 manat arasındadır. Xurmada da çeşid çoxdur, kilosunu 9 manatdan 25 manatadək almaq olar. Yalnız qutulardakı xurmalar bir qədər ucuz başa gəlir. İydəni 8-13 manata almaq mümkündür. Bayram plovunu bəzəyən şabalıdın kilosunu isə 7-10 manata satırlar. Alça turşusunu da 3-6.50 manata əldə etmək olar.
Bayram xonçası
Bayram xonçasını şirniyyatsız, meyvəsiz təsəvvür etmək olmur. Xonçaya qoyulan şirnilər 3.50-15 manatadır. Xırda meyvə quruları 1 kq: 5-7 manat arası dəyişir. Meyvələrə gəlincə; almanın kilosu 1.50-2.50, armud 2.50- 4, üzüm 5-10, portağal 2.50-3, naringi 2-3.50, banan 2.30-5 manatadır. Səmənilər də çeşidlənib – 1 manatdan 7 manatadək almaq olar.
Bayrama hələ 3 həftəyə yaxın vaxt var. Buna görə də qiymətlərin artması ehtimal olunur. Bazarda quru meyvə satışı ilə məşğul olan orta yaşlı satıcı bu il qiymətlərin bir qədər yüksək olduğunu deyir: "Bilmirəm, kasıblar necə alış-veriş edəcəklər? Keçən illə müqayisədə bu il alver zəifləyib. Qiymətlər də qalxıb, ümumiyyətlə, dollar qalxandan sonra alver azalıb".
Müştərilər də qiymət artımından razı deyil.
"Pensiya ilə heç nəyi çatdırmaq olmur. Bilmirsən qazın, suyun, işığın pulunu verəsən, yoxsa yeməyə bir şey alasan", - yaşlı qadın gileylənir.
Bazarlıq edən orta yaşlı kişi alıcı isə qiymətlərin normal olduğunu deyir: "Qiymətlər normaldı, pis deyil. Qiymət artımı başadüşüləndir".