ABŞ prezidentinin açıqlaması dünya gündəminə oturub; Şahin Cəfərli: “Əsədsiz Suriya elə də uzaq perspektiv deyil...”
ABŞ prezidenti Barak Obamanın Suriya rəhbəri Bəşər Əsədlə bağlı son açıqlaması dünya gündəminin əsas müzakirəsinə çevrilib. Obama bildirib ki, Bəşər Əsəd hakimiyyətdən getməyincə, İŞİD-i tam məhv etmək mümkün olmayacaq.
Obamanın fikirləri ətrafında mövqelər fərqlidir. Əksər ekspertlər bununla Əsədin qələminin “sındığını” düşünürlər. Ancaq Amerika Əsədi devirmək üçün açıq hərəkətə keçsə, yəqin ki, qarşısında Rusiya dayanacaq. Əsədin getməsində israr edən qardaş Türkiyənin də bu proseslərdə seyrçi qalmayacağı qaçılmazdır.
Politoloq Şahin Cəfərli hesab edir ki, Əsədin qələmi çoxdan “qırılıb”: “Sadəcə, İŞİD təhlükəsinin ortaya çıxması onun devrilməsi prosesini xeyli ləngitdi. İŞİD-in İraq və Suriyada geniş əraziləri ələ keçirməsi, Avropada terror aksiyalarına başlayaraq Qərbi təhdid etməsi, Avropaya miqrant axınının güclənməsi ABŞ-ın və Avropa Birliyinin prioritetinin dəyişməsinə gətirdi. Nəticədə rejim məsələsi arxa plana keçdi və əsas diqqət terrorçuluq və miqrant axını ilə mübarizəyə yönəldi. Bundan başqa, Rusiyanın İŞİD-lə mübarizə adı altında Suriyaya müdaxiləsi və İranın İnqilab Keşikçiləri Korpusunun hərbçilərini, ”Hizbullah"çıları və İraq, Liviya, Əfqanıstan və Pakistan kimi ölkələrdən toplanın şiə könüllüləri Əsədə dəstək üçün Suriyaya göndərməsi də rejimin mövqelərinin möhkəmlənməsinə səbəb oldu".
Şahin bəy onu da qeyd etdi ki, İŞİD-in zəifləməsi Əsəd məsələsini daha çox ön plana keçirib: “Əsəd rejiminin mövcudluğu radikal islamçılar və terrorçular üçün əsas stimullaşdırıcı amillərdən biridir. Terrorçular ”kafir Əsəd"lə mübarizə adı altında öz sıralarına adam toplayır və onları motivə edir. Bu amilin aradan qalxacağı təqdirdə təbii ki, İŞİD bitməyəcək, lakin onun əsas təbliğat və motivasiya mövzularından biri əlindən çıxmış olacaq. Avropa Birliyi ilə Türkiyə arasında miqrant məsələsinə dair razılığın əldə olunması və ardıcıl zərbələr nəticəsində İŞİD-in müəyyən qədər zəifləməsi Bəşər Əsədin məsələsini yenidən ön plana çıxarıb. Eyni zamanda Əsəd faktoru hazırda Suriya probleminin siyasi həlli üzrə danışıqlar prosesində ciddi əngələ çevrilib.
Atəşkəsə baxmayaraq, rejim qüvvələri mötədil müxaliflərə hücumları davam etdirirlər. Son günlər Hələb şəhəri ətrafında vəziyyət xüsusilə gərginləşib. Suriya müxalifəti atəşkəsin faktiki olaraq sona yetdiyini bəyan edərək danışıqlardan çıxdığını, nə qədər ki, Əsəd hakimiyyətdədir, problemin siyasi yolla həllinin mümkün olmadığını bildirib. ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlamasına məhz bu hadisələr səbəb olub. Kremlin yaydığı açıqlamadan fərqli olaraq, ABŞ mətbuatı telefon danışığının gərgin tonda keçdiyini xəbər verib.
Obama Putindən tələb edib ki, Əsədə təsir göstərərək onun müxaliflərə qarşı hücumları dayandırmasına nail olsun. Vaşinqton və ümumən Qərb bu fikirdədir ki, Əsədin Suriyanın gələcəyində yeri olmamalıdır. Rejim keçid prosesində ola bilsin ki, iştirak edəcək, lakin yeni Suriyada Əsədə hər hansı rol ayrılmayacaq.
Təsadüfi deyil ki, ötən həftələrdə ərəbdilli mediada Əsədin istefa verəcəyi və Suriyanı tərk edəcəyi barədə xəbərlər yayılıb. Bu məsələnin ABŞ-Rusiya danışıqlarından müzakirə olunduğuna şübhə yoxdur. Sadəcə olaraq, Rusiyanın ehtiyatlandığı iki məsələ var. Moskva üçün ən önəmli məsələ Suriyadakı hərbi bazalarının taleyidir. Kreml Əsədin yox, öz hərbi bazalarının Suriyada qalmasında israrlıdır və bunun üçün ABŞ-dan təminat almağa çalışır. Rusiyanı narahat edən ikinci məsələ İranla münasibətlərin gələcəyidir.
Rusiya və İran Suriyada birlikdə hərəkət edir və öz siyasətini əlaqələndirir. Moskva ABŞ-la apardığı gizli danışıqların İranla ikitərəfli münasibətlərə zərər verəcəyindən çəkindiyi üçün Tehranı da razı salacaq ki, sülh formulunun tapılmasını istəyir. Bu isə problemin həllində əlavə çətinlik yaradır. İstənilən halda, Rusiya Əsədin qalmasında israrlı olmayacaq. Əsədsiz Suriya elə də uzaq perspektiv deyil".