TÜRKİYƏ ORDUSU KEÇMİŞ nüfuzunu geri qaytarır

Türkiyə ordusu keçmiş nüfuzunu geri qaytarır

Amerika mediası Türkiyə silahlı qüvvələrinin yeni strategiyası haqda yazıb

 

Amerikanın “Wall Street Journal” qəzeti Türkiyə ordusu haqda yazı hazırlayıb. Nəşrin İstanbul bürosu tərəfindən hazırlanan analiz ordunun ölkədə nüfuzunun artdığı və bununla bağlı müvafiq faktlar qeyd olunur.
Yazıda bir zamanlar hakimiyyətlə qarşıdurmada mövqeyi zəifləyən ordunun son illərdə prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqibləri sıradan çıxdıqdan sonra yenidən nüfuzunun artdığı ifadə olunur. 1960-cı ildən bu yana Türkiyədə 4 çevriliş həyata keçirən və uzun müddət ölkə həyatında böyük təsiri olan ordu AKP hakimiyyətinin ilk illərində siyasi hakimiyyətlə qarşıdurmada zəifləsə də, indi yenidən mövqelərini gücləndirir.
President Recep Tayyip Erdogan visited Turkish special forces in Ankara earlier this month.
Hazırda siyasi hakimiyyətlə yaxın göründüyü qədər də məsafəli davranan Türkiyə ordusunun baş qərargahı hökumətin Suriyaya ordu göndərilməsinə qarşı çıxır, eyni zamanda hökumətin kəskin münasibətlərinin olduğu Qərb ölkələri ilə çox yaxşı münasibətləri qoruyub saxlayır. Eyni zamanda daxili siyasətdən uzaq dayanaraq milli təhlükəsizlik mövzularında əsas oyunçu kimi çıxış edir. 
Yazıda rəyləri yayımlanan yerli təhlükəsizlik ekspertləri də hazırda Türkiyədə hökumətin qarşısında “tormozlayıcı” gücün ordu olduğunu deyiblər. Ancaq eyni zamanda ordunun regional proseslərə çox real baxdığını və bu səbəbdən də riskli addımlara getmədiyi yazıda qeyd olunur. Hətta bir neçə ay əvvəl Türkiyə ordusunun Amerikanın dəstəyi ilə hakimiyyəti devirməyə hazırlaşdığı iddiaları yayılsa da, bu iddiaları qəti şəkildə təkzib olunub. Yeri gəlmişkən, yazıda Türkiyə ordusunun hazırkı komandanı baş qərargah rəisi Hulusi Akara da böyük təriflər yer alır. NATO-da bir sıra mühüm portlarda çalışmış H.Akar daha ordunun nüfuzunun bərpasında önəmli rolu olan şəxs hesab olunur.
Yazıda baş nazir Əhməd Davudoğlunun Türkiyə ordusu haqda sitatı da yer alıb: “Ətrafımızda bir çox böhranlı bölgələrdə bir çox dövlət ciddi təhlükəsizlik problemi ilə qarşı-qarşıya qaldığı halda Türkiyə Cümhuriyyətinin təhlükəsizlik və demokratik sistem içərisində gələcəyə parlaq şəkildə baxmasının əsas səbəbkarlarından biri də silahlı qüvvələrin milliliyidir”.
Qəribə də olsa müsəlman ölkələrində dünyəvi milli dövlətlərin əsas qarantı rolunda ordu çıxış edir. Pakistan, Misir və Türkiyə bunun ən bariz örnəyidir. Hər nə qədər sonradan Sisinin çevrilişi ilə adını mənfiyə hallandırsa da, Misirdə vətəndaş müharibəsinin baş verməməsi, inqilab zamanı qanlı olayların nisbətən az itkiylə sona çatmasının səbəbkarı ordu idi. Türkiyədə də bir zamanlar hərbi çevriliş və siyasi proseslərə sərt müdaxiləsi ilə xatırlansa da, milli dövlətin əsas qoruyucusu, siyasi istiqrarsızlığın qarşısında dayanan əsas güc ordu olub. 
2000-ci illərin əvvəllərində siyasi hakimiyyətlə qarşıdurmada olan və bu səbəbdən güclü təzyiqlərə məruz qalan Türkiyə ordusu indi, amerikalıların da qeyd etdiyi kimi, sürətlə nüfuzunu bərpa edir. Bunun bir səbəbi də Türkiyənin yerləşdiyi regionda baş verən proseslərdir. 
Yaxın Şərqdə davam edən seyri-sabitlik, aramsız müharibələr, terror demək olar ki, Türkiyəni əhatə edib, ancaq bütün bunların qarşısında hər nə qədər terror hücumlarından qurtula bilməsə də, Türkiyədə daxili sabitlik, əhalidə olan rahatlığın və inamın əsas təminatçısı ordudur. 
Bunu ətrafda baş verənlərin müşahidə edən türk insanı da qiymətləndirir. Digər tərəfdən daxili siyasi gərginliklər, eləcə də camaatla qarşıdurmadan sonra ordunun siyasi proseslərdən kəskin məsafə saxlaması onun mövqeyini gücləndirir. Türkiyə ordusunun son illərdə nüfuzunu artıran daha bir amil isə şərq vilayətlərində davam edən antiterror əməliyyatlarıdır. Bu əməliyyatlar ordunun ölkənin həyatında aktiv iştirakıdır. Hər kəs aydın şəkildə görür ki, ölkədə sabitliyin və təhlükəsizliyin əsas qarantı Türkiyə ordusudur. Artıq hər kəs bunu əyani şəkildə görür və qiymətləndirir. Ən mühümü də odur ki, Türkiyə ordusu siyasi proseslərdən açıq məsafə saxlayır, daxili siyasi məsələlərə qarışmır. “Ergenekon” məhkumu olan bütün ordu komandanlarının artıq bəraət alaraq azadlığa buraxılması da göstərdi ki, ordu artıq köhnə nüfuzunu geri qaytarır. Lakin bir fərqlə, artıq “iç məsələlərdən” kənar dayanmaqla. Bu da onu daha da güclü edir.
Ancaq hər nə qədər iç məsələdə hakimiyyət və hökumətin siyasi xətti ilə anlaşmalı hərəkət etsə də, Suriya məsələsində tutduğu mövqe, eləcə də NATO və ABŞ-la yaxın əməkdaşlığı davam etdirməsi göstərdi ki, Türkiyə ordusu bir çox məsələlərdə hökumətlə eyni xəttə deyil. Əskinə, bəzi məqamlarda zidd və qarşı gələ bilir. Lakin bunu nümayişkaranə deyil, daha sakit və səssiz edir. Bu cür fərqliliklə bir çox hallarda sonradan üzə çıxır. 

 






Fikirlər