"SS generallarına görə RUSİYA Ermənistanı cəzalandıracaq"

“Rusiya bilməlidir ki, məqamı yetişəndə ona ən böyük xəyanəti Ermənistan, ermənilər edəcək, ona arxadan zərbə vuracaq” 

 

Faşist Almaniyasının SS birləşmələrinin generalları olan erməni Njde Qareqin və Drasmat Kanayanın (“Dro”) Ermənistanda heykəllərinin ucaldılması, həmin şəxslərin “milli qəhrəmanlar” kimi ölkə rəhbərliyi səviyyəsində təqdim edilməsi, mayın 28-də heykəllərin açılışına prezident Serj Sərkisyanın şəxsən qatılması Rusiyanın etirazına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova iki gün öncə keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb. 
Zaxarova deyib ki, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Ermənistan da həmin qətnamənin lehinə səs verib. Bu il mayın 28-də isə İrəvanda III Reyxlə əməkdaşlıq etmiş, Rusiyaya, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş şəxslərə abidə ucaldılması başadüşülən və Rusiya-Ermənistan münasibətlərinə uyğun gəlməyən davranışdır. 
Rusiya Dumasının deputatı Maksim Sinqarkin isə abidə məsələsi ilə bağlı xarici işlər naziri Sergey Lavrova sorğu göndərib. Sorğuda nasizmlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılmasının yolverilməzliyi xatırladılaraq Lavrovun Ermənistana qarşı diplomatik tədbirlər görməsi tələb edilir. Rusiya ictimaiyyəti, xüsusən də faşizmə qarşı müharibənin iştirakçıları da Ermənistanın hərəkətinə etiraz ediblər.
Maraqlıdır ki, Ermənistan bu etirazlara baxmayaraq, adıçəkilən generalları erməni xalqının qəhrəmanı elan edib.  Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib ki, Qaregin Njdenin İrəvanda abidəsi qoyulub, çünki o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır.
“Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”, - deyə o qeyd edib.
Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə M. Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib. O bildirib ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir: “İstənilən Rusiyalı məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.
Bəs abidə qalmaqalı Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirə və Moskvanı İrəvanı cəzalandırmağa sövq edə bilərmi? 
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, abidəsi ucaldılan ermənilər sovet ordusuna qarşı döyüşlərdə iştirak edib və onların iştirak etdiyi döyüşlərdə sovet ordusuna ciddi zərbələr vurulub: “Rusiya belə bir şəxslərə Ermənistanda abidə ucaldılmasını, onların qəhrəman adlandırılmasını haqlı olaraq etirazla qarşılayıb. Rusiya öz forpostu olan Ermənistanın bu hərəkətini həzm edə bilmir. Güman ki, etirazlar artacaq. Ermənistanın bu addımı sovet dövrünün üstündən xətt çəkmək, Rusiyaya, rus xalqına meydan oxumaq kimi qəbul edilir. Həqiqətən də Ermənistan bununla Rusiyaya meydan oxuyur. 1941-1945-ci ildə faşizm əsasən ruslara qarşı idi. İndi belə çıxır ki, ermənilər faşizmin qurbanı olmuş on minlərlə rusun məhv edilməsində iştirak etmiş adamları qəhrəman elan edir. Bununla da faşizmin qurbanı olmuş insanlara, Rusiyaya hörmətsizlik göstərilir. Rusiya hakimiyyəti və ictimaiyyəti faşizm məsələsində həssasdır və güman ki, Ermənistana etirazları davam edəcək. Ermənistan heykəl ucaltmaqla ruslara qarşı mübarizə apardıqlarını qəhrəmanlıq hesab etdiklərini ortaya qoymuş olublar. Ermənistan özünün Sovet İttifaqı və ruslarla bağlı 70 illik tarixinin bir parçasını sanki silib kənara tullayır. Rus dövləti və xalqı bunun fərqində olmalıdır. Bu hadisə həm də onu göstərir ki, Ermənistan cəmiyyətində Rusiyaya qarşı, Rusiya ilə birlikdə olduqları dövrə qarşı nifrət var. Üzdə müəyyən yaltaqlıq göstərib Rusiyadan imtiyazlar qoparmağa çalışsalar da əslində erməni xislətinə xas olan bir tərzdə öz nifrətlərini büruzə verirlər. Diqqət etdinizsə, erməni deputatlar və onların xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər Nazirliyinin narahatlıq ifadə edilən açıqlamasına meydan oxuyan tərzdə cavablar veriblər. Ermənilər artıq Rusiyanın tarixini təftiş eləməyə başlayıblar və bu tarixdə çox şeyi qara rənglərlə təsvir edib bunu Rusiyaya qarşı istifadə etməkdədirlər”.
Politoloqa görə, Rusiya bilməlidir ki, məqamı yetişəndə ona ən böyük xəyanəti Ermənistan, ermənilər edəcək, Rusiyaya arxadan zərbə vuracaq: “Rusiyanı ən həssas nöqtəsindən onlar artıq mayın 28-də abidə açılışını etməklə vurublar. Kiçik bir Ermənistan faktiki olaraq Rusiyanın, rus xalqının mənəvi dəyərlərini ələ salır. Heykəl məsələsinin Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirəcəyi gözləniləndir. Ruslar onların dəyərlərinin ələ salınmasını heç də xoşluqla qarşılamırlar. Ən azından ermənilərə bir yaxşıca qulaqburması veriləcək. Sovet xalqına qarşı vuruşan faşistlərə böyük abidə ucaldan və onları qəhrəman elan edən bir ölkəni Rusiya, hər halda, cəzalandıracaq”.  
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də məsələyə münasibət bildirib. H. Hacıyev APA-ya açıqlamasında bildirib ki, alman faşist SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir: “Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla  II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə, ruslara və digər millətlərə qarşı davam etdirib. Faşistlərin irqi ayrı-seçkilik, ”Ari" irqi və anti-semitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.
Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə İrəvanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir".
Nazirlik sözçüsü deyib ki, “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə”adlı BMT Baş Assambleyasının A/RES/70/139 nömrəli, 17 dekabr 2015-ci il tarixli qətnaməsini və digər sənədlər əsas tutularaq beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir.

 






Fikirlər