"Bütün faktları Obamaya təqdim etdik, amma..." — Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York səfərinin, orada keçirdiyi görüşlərin detallarını açıqlayıb. Ölkə.Az xəbər verir ki, jurnalistləri ən çox maraqlandıran Obama ilə görüşün detallarını Ərdoğan açıq-açıq media nümayənləri ilə bölüşüb. "ABŞ ordusunun üç gün əvvəl iki yük təyyarəsi dolu silah və sursatın PYD terrorçularına endirildiyi haqdakı faktları Obama ilə görüşümdə ona təqdim etdik. Silah-sursat əvvəlcə Kobaniyə endirilmişdi. PYD Kobanini tərk etdikdən sonra bu silahların yarısı İŞİD-in əlinə keçdi. İndi həmin silahlarla Türkiyəyə hücumlar edirlər, cənab prezident dedik, amma yenə Obamanı inandıra bilmədik. Hələb məsələsini müzakirə etdik. Hələb qan gölü, odlu atəşlə sarılmış və gördüyünüz kimi oraya humanitar yardımı da buraxmırlar. Bilirsinizmi, Hələbin mühasirəsinin arxasında hansı plan var? Hələb əhalisinin geridə qalan hissəsini də Türkiyəyə sürmək, Qaziantepə keçməyə vadar etmək. Biz buna imkan verə bilmərik və verməyəcəyik də. Suriyanın şimalında, ölkəmizin cənub sərhədlərində bu terror zolağının yaranmasına imkan verməyəcəyik. Azez və Fərat çayı arasındakı zolağı təmizləyərək buranı sülh və əmin-amanlıq zolağına çevirəcəyik", deyə Ərdoğan vurğulayıb.