"Təhlükəsizlik Şurasında niyə müsəlman ölkəsi yoxdur?"

"Təhlükəsizlik Şurasında niyə müsəlman ölkəsi yoxdur?"   Latviyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Latviya Üniversitetinin Sosial Elmlər Fakültəsində çıxış edib.

Ərdoğan çıxış edərək dünya birliyini tənqid edib.

Ərdoğan çıxışında "300 min insanın ölümünə səssiz qalan dünya Kobanidə baş verənlərə görə ayağa qalxıb. Dera, İdlib, Hama, Humus yanarkən siz haralardaydız. PKK-nın əməllərini vecinə almayan dünya İŞİD ilə mübarizə aparmaq üçün terrorçü kürdlərlə əməkdaşlığa hazır görünür. Gözəl. PKK ölkəmdə 40 mindən çox insanı öldürərkən siz haradaydız", deyib.
Ərdoğana görə, dünya ölkələri Suriyada kimyəvi silah məsələsini gündəmə gətirir, amma adi silahlarla öldürülənlərə səssiz qalır: "Suriyada kimyəvi silahla 1 600 nəfər adam ölüb. Adi silahla isə 300 min nəfər öldürülüb. Yəni belə çıxır ki, kimyəvi silahla adamları öldürmək cinayət, adi silahlarla öldürmək isə hüquqdur".

Ərdoğan 200 min kobanilinin Türkiyəyə sığındığını bildirib.

Kobanidə sıravi vətəndaşların qalmadığını vurğulayan Ərdoğan yalnız 2 min PYD-linin (Demokratik Birlik Partiyası) Kobanidə qaldığını qeyd edib. Ərdoğan PYD-ni terror təşkilatı adlandırıb: "Kobanidən 200 min adam Türkiyəyə gəldi. İçəridə vətəndaş qalmadı. 2 min PYD-li qaldı. Hal-hazırda içəridə İŞİD-lə döyüşürlər. Bunlar da terrorçu, onlar da. Mənim ölkəmdəki separatçı terror təşkilatı PKK ilə eynidir. Heç bir fərqləri yoxdur. PKK-nın suriyalı liderlərindən biri də bu an PYD tərəfində döyüşür. ABŞ-ın PYD-yə verməli olduğu silahlar İŞİD-in əlinə keçir, İŞİD onu açıq şəkildə internetdə göstərir, PYD isə yox. PYD nə İŞİD-i, nə Əsədi, nə Azad Suriya Ordusunu, nə də peşmərgəni qəbul etmir. Çünki terror təşkilatıdır".

Ərdoğan Misirdə baş verənlərə də toxunub: "Demokratiya, demokratiya deyirlər. Amma 52 faiz səslə hakimiyyətə gələn rejimi silahla devirib yerinə keçirlər və dünya buna susur.
BMT Təhlükəsizlik Şurasında bununla bağlı nəsə deyilibmi? 5 ölkədən biri nə desə o olur. Mən bir dəfə bəyan etmişəm ki, dünya 5-dən böyükdür. Çini çıxmaq şərti ilə qalanları Qərb dövlətləridir. Mən Rusiyanı da Qərb dövləti hesab edirəm. Təhlükəsizlik Şurasında bir dənə də olsun müsəlman ölkəsi yoxdur"
.






Fikirlər