TÜRK ORDUSU İRAQDAN NİYƏ CIXMAMALIDIR? - Ərdoğan Türkiyədən qoparılanları geri istəyir

1tt

Əsrlər boyunca qərbdə xristian ittifaqları, şərqdə digər türk dövlətləri, şimalda Rusiya, cənubda ərəblərlə vuruşan Osmanlı dövləti, nəhayət, I Dünya müharibəsində bir daha dirçələ bilməyəcək vəziyyətə düşdü. Mustafa Kamal Paşanın deyimi ilə, hərb və ya hiylə ilə əziz Vətənin bütün qalaları zəbt edilmiş, bütün tərsanələrinə girilmiş, bütün orduları dağıdılmış və ölkənin hər bir küncü faktiki olaraq işğal edilmişdi. Bu əhval və şəraitdən daha vahiməli olaraq, məmləkətin daxilində iqtidar sahibi olanlar qəflət və hətta xəyanət içində idilər. Bu iqtidar sahibləri şəxsi mənfəətlərini işğalçıların siyasi əməlləri ilə uyğunlaşdırmışdılar. Millət hərtərəfli böhran vəziyyətinə düşmüşdü.

Anadolunun dörddə üçünün işğal edildiyi və İstanbuldakı Osmanlı hökuməti tərəfindən təslimiyyət müqaviləsinin imzalandığı bir dövrdə Mustafa Kamal Paşa və yoldaşları ölkənin daxili vilayətlərində keçirilən iclaslarla qeyri-legitim bir Ankara hökuməti təşkil etdi. Böyük əhəmiyyətə malik Ərzurum (iyul-avqust, 1919) və Sivas (sentyabr, 1919) yığıncaqlarında “Misak-ı milli” adlanan sərhədlər hazırlandı və “konqres” tərəfindən təsdiqləndi.

1919-1923-cü illər ərzində aparılmış Türk Qurtuluş müharibəsindən sonra İsveçrənin Lozanna şəhərində işğalçılarla Ankara hökuməti arasında sülh müqaviləsi imzalandı. Beləliklə, Mustafa Kamal Paşanın təsis etdiyi hökumət legitim status aldı və Türkiyə Cümhuriyyəti quruldu. Lakin müharibədən öncə hədəf olaraq seçilən sərhədlər tamamilə bərpa edilməmişdi. Qərbi Trakya bölgəsi Yunanıstan və Bolqarıstan, Hatay vilayəti Suriya, Kərkük-Mosul bölgəsi isə İraq dövlətinin tabeliyində qalmışdı.

Belə bir şəraitdə Ankara hökuməti tezliklə danışıqlara başladı. 1926-cı ildə iraqlılarla imzalanan müqaviləyə əsasən, əgər Kərkük-Mosul bölgəsi Bağdad hakimiyyətinin əlindən çıxarsa, Türkiyə Cümhuriyyəti dərhal və qeyd-şərtsiz sözügedən ərazidə haqq sahibi olacaqdı. Bu dövrdə aparılan danışıqlarda bir uğur daha qazanıldı. Suriyada qalan Hatay vilayəti 1938-ci ildə “Hatay dövləti” adı ilə müstəqillik qazandı. 1 il sonra keçirilən referendumla isə rəsmən Türkiyə Cümhuriyyətinin tabeliyinə keçən ərazidə 2039-cu ildə bir daha səsvermə gerçəkləşdiriləcək.

Bütün cəhdlərə baxmayaraq, Batumi və Trakya vilayətləri ilə bağlı hər hansı irəliləyiş əldə olunmadı.

Və bu hadisələrdən 80 il sonra “Misak-ı milli” mövzusu yenidən aktuallaşır. Səbəb isə İraq və Suriyada qurulması planlaşdırılan “kürd dövləti”dir. Türkiyə hökuməti açıq şəkildə bəyan edir ki, belə bir şey heç vaxt gerçəkləşməyəcək. Buna baxmayaraq, Ankara ilə müttəfiq olduğunu iddia edən ikiüzlü siyasətçilər xislətlərindən uzaqlaşmırlar və sözügedən məsələdə separatçıları dəstəkləyirlər. Həm də bunu bağlı qapılar arxasında deyil, birbaşa elan edərək reallaşdırırlar. Heç şübhə yoxdur ki, Səddam Hüseynin devrilməsi ilə ciddi bir irəliləyiş qazanan bu “layihə”nin ikinci addımında Dəməşq lideri Bəşər Əsəd məhv ediləcəkdi. Lakin taleh bu dəfə Şərqin yanında oldu.

2tt

Hazırda isə gündəmdə Mosul əməliyyatı və Başika hərbi bazası məsələləri var. İraqın şimalında yerləşən baza Türkiyəyə aiddir və buradan terrorçularla mübarizədə istifadə olunur. Ölkəsinin üçdə birini belə idarə etməkdə aciz qalmış, hələ paytaxtını da qoruya bilməyən Bağdad hökumətinin nümayəndələri isə son vaxtlar narahat olublar. Heç şübhə yoxdur ki, bu narahatlığın anidən peyda olması təsadüfi deyil. Axı bütün dünyanın aktualında bir məsələ var: Mosulun terrorçulardan azad edilməsi.

“Marionetka”ların idarə etdiyi Bağdad hökuməti bu bəyanatlarla Türkiyəni geri addım atmağa çağırır. Çünki eyni əllər tərəfindən idarə olunan “kuklalar” bir-birinə kömək etməkdə maraqlıdırlar. Məqsədləri isə gizli deyil. Türk ordusunun Mosulun xilasında iştirak etməsi “Misak-ı milli” məsələsini gündəmə gətirəcək. Lakin bağdadlıların istəyi reallaşarsa və İŞİD-lə mübarizədə əsas rolu kürdlər oynayarsa, onda “layihə”nin gedişatında böyük irəliləyiş əldə olunacaq.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə son zamanlar xalqını əməliyyatın ruhuna dəvət edir. Bu məqsədlə o, tez-tez Lozanna müqaviləsinə və “Misak-ı milli”yə diqqətləri cəlb edir. “Lozannanı bizə zəfər adı ilə sırımağa çalışırlar” açıqlaması ilə gündəmə gələn Ərdoğana yunan lider Aleksis Tsipras etirazını bildirmişdi. Axı ortada Qərbi Trakya məsələsi də var. Bu, Afina hökuməti üçün heç də xoş deyil. Fəqət əsas məsələ, əlbəttə ki, Avropadakı torpaqlar deyil, əsas məsələ Kərkük-Mosul ərazisidir. Rəcəb Tayyib Ərdoğan bu çıxışları ilə dünya ictimaiyyəti önündə Başika və Mosul əməliyyatı məsələlərində Türkiyənin rolunu legitimləşdirməyə çalışır.

Ankara ilə Vaşinqton arasındakı geniş münasibətləri nəzərə alsaq, “Misak-ı milli”nin reallaşdırılması bir o qədər inandırıcı görünmür. Ancaq Ərdoğan bu çıxışları və addımları ilə ən azından “layihə”yə mane olmağa çalışır. Vladimir Putinlə və dolaylı yolla Bəşər Əsədlə münasibətlərini düzəltməyə can atan Ankara hökuməti Qərbin “saxta kürd dövləti layihəsi”nə meydan oxumaqdan çəkinmir.

Çevriliş cəhdinin də uğursuzluqla nəticələnməsindən sonra hər kəs anlamalıdır ki, Dünya artıq o dünya deyil. 2003-cü ildə yeganə qütbün at oynatdığı siyasət aləmində daha heç kim özbaşınalıq hüququna malik deyil. Lakin “layihə” məlum dairələr üçün hazırda olduqca əhəmiyyətlidir...(Virtualaz.org)

 






Fikirlər