06.09.2014- "BP"-yə 18 milyard dollar şok cərimə - şirkət BTC-dəki payını sata bilər

06.09.2014- "BP"-yə 18 milyard dollar şok cərimə - şirkət BTC-dəki payını sata bilərBöyük Britaniyanın neft nəhəngi BP ABŞ-ın Meksika körfəzində 2010-cu ildə baş vermiş qəzaya görə daha 18 milyard dollar cərimələnib.

Virtualaz.org saytı xəbər verir ki, ABŞ məhkəməsi BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platformasında baş vermiş və 11 nəfərin həlak olması, 5 milyon barrel neftin ətraf mühitə sızması ilə nəticələnən qəzaya görə daha 18 milyard dollar cərimə ödəməli olduğu haqda qərar çıxarıb.

Bundan əvvəl BP Meksika körfəzindəki qəzaya görə indiyədək cərimə, kompensasiya və neftlə çirklənmiş su hövzəsinin təmizlənməsinə 42 milyard dollar xərcləmişdi. Bu fantastik xərcləri ödəyə bilmək üçün şirkət bir çox ölkələrdəki aktivlərini satmalı olub.

İndi isə daha 18 milyard cərimə BP-ni Azərbaycan da daxil olmaqla daha bir neçə ölkədəki aktivlərini satmağa məcbur edə bilər.

“Röyter”in yazdığına görə, BP məhkəmənin qərarından apelyasiya verib. Əgər məhkəmə apelyasiya şikayətini təmin etməsə, şirkət 18 milyard dolları ödəmək üçün öz aktivlərini satmalı olacaq.

Xəbərdə bildirilir ki, ABŞ məhkəməsinin qərarından sonra BP-nin səhmləri kəskin ucuzlaşıb. Analitiklərin qənaətinə görə, məhkəmə qərarı qüvvəyə minsə, BP Rusiyadakı biznesini satacaq.

“Natixis” konsaltinq şirkətindən analitik Abişek Desfande hesab edir ki, Rusiya ilə Ukrayna arasında qarşıdurma fonunda BP-nin “BP-Rosneft” birgə müəssisəsindəki payını satışa çıxarmasından təəccüblənməzdi. Baxmayaraq ki, BP üçün bu, gəlirli layihədir.

BP şirkətindən isə ABŞ məhkəməsinin qərarı ilə bağlı aktivlərin mümkün satışına dair xəbərləri şərh etməyiblər.

06.09.2014- "BP"-yə 18 milyard dollar şok cərimə - şirkət BTC-dəki payını sata bilər

Abişek Desfande hesab edir ki, BP üçün Rusiyadakı aktivlərini satmaq asan olmayacaq. Çünki indiki beynəlxalq situasiyada heç kim Rusiyada BP-nin aktivlərini almaq istəməzdi. Potensial müştəri ancaq Çin, yaxud “Rosneft” özü ola bilər. Hərçənd ki, “Rosneft” özü də hazırda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara görə ciddi sıxıntı içindədir.

Bildirilir ki, BP son illərdə Meksika körfəzindəki qəzaya görə yaranan xərcləri ödəmək, habelə Rusiya, Anqola və Xəzər dənizindəki layihələrini maliyyələşdirmək üçün 50 milyard dollarlıq aktivlərini satıb.

“Bernstein Research”dən analitiklər qeyd edirlər ki, investorlar neft şirkətlərindən yüksək xərcləri azaltmağı tələb edirlər və məhkəmənin qərarından sonra BP investisiya proqramlarını genişləndirmək məsələsinə yenidən baxa bilər.

Potensial olaraq BP Avstraliyadakı “North West Shelf LNG” layihəsindəki 17 faizlik payını 7,8 milyard dollar, Norveçdəki “Valhall” və “Skarv” layihələrindəki payını 4 milyard dollara, Braziliyadakı “İtaipu” offşor layihəsindəki payını 1,3 milyard dollara sata bilər.

“Bernstein Research” analitikləri həmçinin BP-nin cərimələri ödəmək üçün Azərbaycandakı Bakı-Tiflis-Ceyhan (BTC) layihəsindəki payını 2,3 milyard dollara, Əlcəzairdəki “İn Salah” layihəsindəki payını 1,3 milyard dollara, İrandakı “Rumaila” layihəsindəki aktivlərini 1 milyard dollara sata biləcəyini deyirlər.

BP-nin icraçı direktoru Robert Dadli ABŞ məhkəməsinin qərarı ilə bağlı şirkətin əməkdaşlarına göndərdiyi xidməti qeyddə göstərib ki, bu qərar prosesdə növbəti addımdır, lakin məsələnin həlli üçün uzun yol keçmək lazımdır.

Analitiklər hesab edir ki, BP məhkəmənin qərarından apelyasiya şikayəti verərək prosesi uzada bilər. Vaxtilə “Exxon” şirkəti Valdes körfəzindəki 1989-cu ildə baş vermiş qəzaya görə apelyasiya prosesini 20 il uzada bilmişdi.


06.09.2014- "BP"-yə 18 milyard dollar şok cərimə - şirkət BTC-dəki payını sata bilər






Fikirlər