Prezident millət vəkillərinin parlamentə girişini QADAGAN ETDİ
Cənubi Asiyanın məşhur bölgələrindən olan Maldiv adalarında prezident Yamin Abgül Qayyumun təlimatı əsasında millət vəkillərinin parlament binasına girişi qadağan edilib. Bu barədə ölkənin müxalif Demokratlar Partiyası məlumat yayıb. Partiyanın verdiyi xəbərdə bildirilir ki, parlament binasının giriş qapıları silahlı qüvvələr tərəfindən tutulub və millət vəkillərinin binaya girişinin zorla qarşısı alınıb. Əmrin spiker Abdullah Məsih Məhəmmədin səlahiyyətinin əlindən alınması ilə bağlı keçiriləcək səsvermədə millət vəkillərinin iştirakının əngəllənməsi məqsədilə verildiyi iddia edilir. Qeyd edək ki, ölkədəki müxalifət partiyalarının parlament sədri haqqında təqdim etdiyi hesabatın səsverməsi bu gün həyata keçiriləcəkdi. Müxalifətdən verilən açıqlamaya görə, hesabata məclisdəki 85 vəkildən 45-i imza atmışdı.