Sovuşmuş bostanın müqəvvası və ondan qorxan xalq

Sovuşmuş bostanın müqəvvası və ondan qorxan xalqErmənistanın hakimiyyət dairələrinin daxili və xarici siyasətlə yanaşı, bütün sahələrdə məğlubiyyətə, geriləməyə, fiaskoya uğramalarını ekspertlərlə yanaşı, rəsmi statistika da sübut edir.

Prezident Serj Sarkisyan iqtidarı daxili siyasi arenada prosesləri idarə etməyə çalışaraq irəliləmək əvəzinə, daha da geri gedirsə - xarici siyasətdə də bütün cəbhələr boyu uğursuzluqlara düçardır.

Çoxsaylı təşəbbüslər rəsmi Yerevanın mövqelərini möhkəmlətmək əvəzinə, onu səndirlədir.

Ermənistanda hakimiyyət zəifləyib. Cəmiyyətdə iqtidarın dəyişməsini istəməyən sosial taban qalmayıb. Serj Sarkisyanın özü, yaxın dairəsi və hakimiyyətdəki Ermənistan Respublika Partiyasının bir dəstə funksioneri ilə oliqarxlar istisna olmaqla, kütlə mövcud sistemin darmadağın olmasını arzulayır.

Məmurlar da kuluar danışıqlarında etiraf edirlər ki, səs vermək hüququna malik vətəndaşların 80 faizi Yerevandakı rejimə qarşıdır.

İşsizlik, iqtisadiyyatdakı fəlakətli durum, müxalifətin siyasi mübarizədən düşmənçiliyə keçidi, mühacirətin sürətlə artması ilə yanaşı, Yerevandakı rejimin hamisi Rusiyanın Ermənistandakı hakim komandaya münasibətinin pisləşməsi və Qərbin təzyiqlərinin artması mövcud vəziyyəti əks etdirən məsələlərdir.

Belədirsə, Serj Sarkisyanın 0 səviyyədəki legitimliyi ilə hakimiyyətdə qalmasının səbəbləri ilk baxışdan çox mürəkkəbdir. Daxildəki narazı kütlənin aqressivləşməsi ilə yanaşı, xaricdəki dəstəyin azalması və hətta erməni diasporunun da kəskin antipatik mövqe tutmasını nəzərə alanda Ermənistanda hakimiyyət dəyişikliyi, daha doğrusu, Sarkisyanın devrilməsi çoxdan reallaşmalı idi.

Amma o, hələ də, hakimiyyətdədir və görünən də budur ki, iqtidar rıçaqlarını əldən vermək niyyətində də əsla deyil.

Qəliz təsir bağışlayan situasiyanın çox sadə açması var: Sarkisyanın hakimiyyəti zəif olsa da, ölkədəki vətəndaş cəmiyyəti, kütlənin etiraz formaları və müxalifət ondan da zəifdir.

Vətəndaşların iqtidara olan nifrətləri təşkilatlanmış mübarizəyə çevrilməyi və institusional təzahür formatına malik deyil.

Hakimiyyətə etirazları vəziyyətlə barışmayan və ya barışmaq istəməyən orqanizm qismində təsəvvür etsək, bu orqanizmin "kəlləsi" özlərini müxalifətin aparıcı qüvvələri kimi göstərməyə çalışan Erməni Milli Konqresi, İrs və "Çiçəklənən Ermənistan" partiyaları olacaq. "Kəllə" əcaib, hidrosefal formada olsa da var. Amma "vücud" hələ tam formalaşmayıb.

Ermənistan vətəndaşlarının əksəriyyəti Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırılmasını istəsələr də, onların niyyətləri ilə əməlləri uyğunlaşmır və siyasi aktivlik də kütləvi deyil.

Fəallaşma yalnız "Üçlük" formatı yaratmış Levon Ter-Petrosyan, Qagik Sarukyan və Raffi Hovvanisyanın tərəfdarlarının mitinqlərində zahirən olsa da var. Yerdə qalanlar passiv narazılığı seçiblər.

Onlar evdə və ya iş yerlərində hakimiyyəti tənqid etməyi daha təhlükəsiz, rahat sayırlar.
Səngərlərin digər tərəfində hakimiyyət komandası, 2008-ci ildən bəri mövqelərini qorumağa və möhkəmlətməyə çalışan aqressiv kriminal oliqopoliya var. Kütlə bu adamları dəstəkləməsə də, son vaxtlar zəifləmə müşahidə olunsa da müxalifətdən fərqli olaraq iqtidar düşərgəsində təşkilatlanma, bir məqsəd uğrunda qismən birləşmə var. Üstəlik, Sarkisyanın əmrlərini yerinə yetirən polislə ordunu, məmurların yararlandıqları inzibati resursları da unutmayaq.

Müxalifətçilərin hərəkətləri xaotik, çağırışları populistdirsə və ediləndən çox deyilənlər, əməllərlə müqayisədə vədlər varsa - iqtidar müstəvisində sakit, amma inadkar pressinqə üstünlük verilir.

Sarkisyan rejimini devirmək və ölkədə demokratik dəyərlərin bərqərar olmasını istəyən ermənilər apatiyadan qurtularaq fəallaşmalı, müntəzəm və aktiv fəaliyyətə başlamalı, boşboğazlığı konkret işlərlə əvəzləməlidir.

Əks təqdirdə Ermənistanı ən yaxşı halda kütləvi iğtişaşlar və ya üsyan gözləyir ki, belə problemlərin xilası mobil, eyni zamanda təşkilatlanmış siyasi strukturlardır. Məhz belə strukturlar təşkilatlanmış, normal cəmiyyəti formalaşdıra bilir.

Müxalifət liderliyinə iddialı adamlar prosesləri normallaşdırmaq üçün radikallığın üstün anlamının yanlış olduğunu dərk edərək, gerçəkdən də, stabil müqavimət konstruksiyalarının qurulmasına başlamalıdır. Hakimiyyətə qarşı hərəkat və etirazlar o qədər mütəşəkkil olmalıdır ki, kütləvi etiraz aksiyalarından birində Serj Sarkisyan xoflanaraq 2008-ci ilin martın 1-də olduğu kimi, vətəndaşlara atəş açılması əmrini verəndə, polislə hərbçilər bu əmri gerçəkləşdirməyi ağıllarına belə, gətirməməlidir.

Sporadik aksiyalar və mitinqlər, habelə nümayişlərlə yalnız qısamüddətli, epizodik uğurlara nail olmaq mümkündür. İradəli, ən başlıcası isə planlaşdırılmış mübarizə Serj Sarkisyan iqtidarının dayaqlarını laxladaraq bu çürük konstruksiyanı darmadağın edə bilər.
Alternativ, sadəcə, yoxdur.

...Serj Sarkisyan indi sovuşmuş siyasət bostanındakı müqəvvadır.

Özünü güclü vücuda malik məxluq kimi təsəvvür etsə də.


Elçin Alıoğlu






Fikirlər