ABŞ SƏFİRİNİN qəfil geri çağırılmasının PƏRDƏARXASI
Hikmət Hacızadə: “Sekuta sükutla gəldi, sükutla da gedir” Son günlərdə Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaranıb. İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın Vaşinqtona səfər etməsindən sonra Azərbaycan tərəfin Amerikanın ölkəmizdəki səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə çağırması, Birləşmiş Ştatlara nota verməsi buna sübutdur. Bu mövzu ilə bağlı müxtəlif müzakirələrin getdiyi bir vaxtda ABŞ-ın ölkəmizdəki səfirinin bu ayın sonunda Bakını tərk edəcəyi məlum olub. Bu barədə səfirin özü “İnterfax Azərbaycan” saytına məlumat verib. O, diplomatik missiyasını başa vurduğuna görə martın sonların ölkəsinə dönəcəyini desə də, yeni səfirin kimliyi barədə məlumatsız olduğunu bildirib. Bu da o anlama gəlir ki, Azərbaycandakı prezident seçkiləri vaxtı seçkilərə birbaşa təsir etmək imkanları olan dünyanın iki nəhəng ölkəsinin-Rusiya və ABŞ-ın səfirləri Bakıda olmayacaq. Bu faktın istənilən halda 11 aprel seçkilərinə dolayısı ilə təsir edəcəyi bildirilir. Amerikanın dövlət katibi Reks Tillersonun vəzifəsindən azad edilməsi və onun yerinə sərt mövqeyi ilə tanınan Mayk Pompeonun gəlməsi də müzakirələrə əlavə rəng qatıb. Rəsmi Bakının gərginliyin fonunda ehtiyatlı davranışlarını da sezməmək mümkün deyil. Belə ki, rəsmi dövlət qəzetlərinə diqqət yetirdikdə, heç birində Amerika əleyhinə olan bir yazıya belə rast gəlmək mümkün deyil. Bu da o anlama gəlir ki, rəsmi Bakı ABŞ-la münasibətləri gərginləşdirmək istəmir. Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə hər iki ölkə tərəfindən xoşagəlməyən addımların atıldığını qeyd etdi: “Azərbaycan ölkə daxilində fəaliyyət göstərən Amerikanın təşkilatlarını, AzadlıqRadiosunu bağladı. Nəticədə də ABŞ Bako Saakyanı Vaşinqtona çağırdı. Əvvəla, onu deyim ki, Saakyanın çağırılması elə də ciddi hadisə deyil. Onu Konqresdə görüş keçirməyə çağırıblar. Bu, Amerikanın rəsmi mövqeyi deyil. Orada hansısa konqresmenlər ermənilərdən pul alıb, Saakyanı danışıqlara çağırıblar. Bu ABŞ-ın qondarma rejimi tanımağı anlamına gəlmir. Bu heç gözlənilmir də. Bu, ermənilərin bizi qıcıqlandırmaq üçün növbəti hoqqalarıdır. İstənilən halda bu olmamalı idi. Biz tərəfdən də mehriban münasibət olmalıdır. Amma bunu hələ ki görmürəm. Amerikanın əsas davası Rusiya, İran və Şimalı Koreyadır. Azərbaycanın burada Dağlıq Qarabağ problemi, eləcə də Gürcüstanın məlum ərazi bütövlüyü məsələsi Amerika üçün əsas deyil. Onlar böyük müharibəyə girişiblər. Tramp deyir ki, İranla, Şimalı Koreya ilə qurtaraq, sonra Rusiya ilə məşğul olaq. Ondan sonra Azərbaycan özü-özünə gələcək. Bizim üçün Qarabağ problemi çox böyük olsa da, Amerika üçün xırda məsələdir. Onlarda prioritet məsələ kimi bu gün nəinki Qarabağ, hətta Qafqaz belə yoxdur. Əsas problemləri Şimalı Koreya, İran və Rusiyadır. Bu baxımdan bizim üçün heç nə dəyişməyəcək. Amma böyük müharibələr gözlənilir. Şimali Koreyanı ram eləmək, İranı tərk-silah etmək, eləcə də Rusiyanı yerində otuzdurmaq istiqamətində siyasət yürüdülür”. Bako Saakyanın səfərinə etiraz olaraq, Azərbaycan XİN-in yaydığı bəyanatda bir diqqətçəkən məqam oldu. Belə ki, rəsmi qurum qondarma rejimin rəhbərinin səfəri ilə bağlı adekvat addımların atılacağını bəyan etdi. H.Hacızadə: “Azərbaycan tərəfin bəyanatında adekvat addımların atılacağı deyilsə də, heç nə edilməyəcəyini düşünürəm. Çünki indiyə qədər nə ediblərsə ediblər. Amerikadan Azərbaycana gəlib-gedənlərin viza məsələsini çətinləşdirə bilərlər. Qarabağ ermənilərinin ABŞ-a getmə halları davam eləsə, viza məsələsində Amerikaya problemlər yarada bilərik. İstənilən halda Azərbaycan tərəfin Amerika ilə münasibətləri gərginləşdirmək istəyində olduğunu düşünmürəm. Ümumiyyətlə, heç bir dövlət bunu istəmir. Bizim hökumətin yuxarı pillələrində əyləşənlər başa düşürlər ki, bu ciddi bir şey deyil. Amerikanın Qarabağla bağlı münasibəti dəyişməyib. Rəsmi mətbuata da tapşırıq gəlməyib ki, Amerikanı söyün. ABŞ səfirindən də bu gərginlik yaranandan sonra soruşdular, o da dedi ki, Qarabağ Azərbaycanındır. Saakyanın səfəri ilə bağlı çox əsəbləşməyə də dəyməz, çünki ciddi bir şey deyil. Hazırda əsəblər müharibəsi gedir”.
Politoloq Sekutanın Azərbaycanı tərk edəcəyi ilə bağlı da məsələyə toxundu: “Öncəliklə deyim ki, bizim seçki onlar üçün hər hansı bir sirr, gözlənilməz hal deyil. Nəticəni hər kəs görür. Bu baxımdan nə Rusiya, nə ABŞ səfirlərinin Azərbaycanda olmaması heç nəyi dəyişmir. Bir də ki, Sekutanın müddəti bitsə də, o, dərhal getməyə bilər. O, ölkəni tərk etsə belə, səfir fəaliyyətini müavin də apara bilər. Əslində səfirin vəzifəsi o qədər də ciddi deyil. Müavin də yaxşı işləyə bilər. Təyin olunmamış Metyu Brayza bir il Azərbaycanda qalıb, səfir kimi işlədi. Sekutada düşünürəm ki, türk kökləri var. Onun familiyası sükut sözündən əmələ gəlib. O, həmişə sükut edir, hər zaman susub. Fəaliyyət göstərdiyi 3 ildən bir az artıq vaxtda ondan heç nə eşitmədik. Sükutla gəldi, sükutla da gedir. Onun müavini vəzifəni aparacaq. Səfirlərə yuxarıdan tapşırıqlar verilir. Amma səfirin öz azadlığı da, ürəyi də var. Məsələn, indiki Norveç səfiri heç görünmür. Amma Norveçin keçmiş səfiri Steynar Gil görünürdü. Ona da, indiki səfirə də eyni tapşırıqlar verilmişdi. Amma burada başqa-başqa şəxslər, ürəklər, vicdanlar mövcuddur. Hər şey insandan asılıdır. Baxır kim səfir kimi gəlir. Yəni tapşırıqla hər şey icra edilmir. Allah insanı necə yaradıbsa, ona tapşırıqlar da verir, iradə də”.