“İLHAM RƏHİMOV MƏNİ HƏBSLƏ HƏDƏLƏYİR” – Moskvada yaşayan azərbaycanlı iş adamı
Moskvada yaşayan azərbaycanlı iş adamı Elçin Seyidov AzPolitika.info-ya məktub-məqalə göndərərək, onun yayımlanmasını xahiş edib.
Həmyerlimiz məktubunda Rusiya prezidenti Putinin dostu kimi tanınan hüquq professoru İlham Rəhimovdan şikayətlənərək, onu Rusiyadakı azərbaycanlıların problemlərinə biganə yanaşmaqda, öz soydaşlarından uzaq qaçmaqda, həmçinin, verdiyi sözün üstündə durmamaqda qınayıb, İlham Rəhimov tərəfindən həbslə hədələndiyini yazıb. E.Seyidov bu haqda və ümumiyyətlə, Rusiyadakı azərbaycanlıların acınacaqlı vəziyyəti haqda silsilə yazılar sırasında ilk məqaləsinin yayımlanmasını xahiş edib.
Soydaşımızın məktub-məqaləsini qısa ixtisarla təqdim edirik:
2012-ci ildə mən professor İlham Rəhimova müraciət etdim ki, insaat sektorunda üzləşdiyimiz çətinliklə bağlı bizə köməklik etsin. 2013-cü ilin iyun ayında görüşə dəvət edən professor bizi dinlədi və bir həftəyə kimi yardım edəcəyini söylədi. Üzərindən iki il keçməsinə baxmayaraq, hər telefon zəngində bir bəhanəylə üzə çıxmaqdan, verdiyi SÖZÜN məsuliyyətini daşımaqdan, bu sözün tutulmamasına görə nələrlə üzləşdiyimizi öyrənməkdən imtina etdi.
Nəticədə 170-dən çox azərbaycanlının, bir o qədər də türkün işlədiyi firma “çökdü”.
Yeri gəldi-gəlmədi hər kəs millətinə faydasından ağızdolusu danışır. Yalançı qəhrəman obrazları yaradırlar. Amma reallıq çox vaxt tamamilə başqa olur…
Dünyadakı erməni lobbisinin gücü hamıya məlumdur. Bu lobbi necə yaranıb? Erməninin nefti-qazı yoxdur ki, ondan gələn pullarla lobbiçiliklə məşğul olsun. Onların lobbiçiliyi şüurlu şəkildə millətin gələcəyini düşünməkdən yaranıb. Amerikada, Avropada, xüsusən də Fransada erməni lobbiçiliyi dərin kök atıb. Getdikcə güclənən erməni lobbiçiliyi, bütün dünyada haqsızlıqlarına haqlı donu geyindirməkdədir. Bu gün qondarma erməni soyqırımı iddialarını bütün dünyada səsləndirirlər. Hansı ki, heç bir real tarixi əsası olmayan iddialardır. Amma biz, şahidləri hələ yaşayan Xocalı soyqırımını tanıda bilmirik, bu soyqırımın iştirakçıları və təşkilatçıları türklərə meydan oxuyurlar. Bunun səbəbi nədir? Cavab çox sadədir: Azərbaycan diasporası yox kimidir!
Ziyalı təbəqəmiz ancaq şəxsi maraqlarını güdür, pul hayındadır!
Ermənilər dünyanın güclü dövlətlərində – Amerikada, Fransada lobbiçiliklə məşğuldurlar. Ancaq biz…
Sadə bir misal çəkim: Krasnodar, Soçi, Pyatiqorsk, Minvod və digər şəhərlər, ümumiyyətlə Rusiyanın cənubu erməni lobbisinin əlindədir. Kaluqa vilayətinin ən böyük iş adamları və hakim elitasını ermənilər təşkil edir. Bu siyahını uzatmaq da olar.
Rusiyada ermənilər bütün sahələrdə (Elm, səhiyyə, mədəniyyət, incəsənət, dövlət qulluğu, hüquq-mühafizə orqanları, sənaye, ticarət, inşaat və sairə) işləyirlər. Erməni lobbiçiliyi bütün sahələri xərçəng vəstəliyi kimi ağuşuna alıb. Ancaq bizim millətin nümayəndələri, özlərini dahi hesab edənlər də daxil, bazardan kənara çıxa bilmirlər. Konteynerdən, şmotkadan, meyvə-tərəvəzdən uzaqlaşa bilmirlər. Mən sadə insanlarda günah görmürəm. Günah iş yeri kimi bazarı onlara təklif edənlərdədir…
Məsələn, professor İlham Rəhimov, özünün dediyinə görə “birincinin” yaxın dostudur. Nə üçün hörmətli professor ucsuz-bucaqsız əraziləri olan Rusiyada sənaye müəssisəsi, kənd təsərrüfatı ilə bağlı iş yerləri açmır?!
Nədən azərbaycanlıların başqa sektorlarda işlə təmin olunması, təhsil almalarında köməkliyini göstərmir?
Nədən Hacı Zeynalabdin Tagıyevin yüz il əvvəl gördüyü işi, indiki imkanlılarımız, özünü dahi sayanlar görə bilmirlər?
Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirməklə, böyük işlər görmək imkanı olan professor İlham Rəhimovun, Azərbaycan xalqından qaçmasının səbəbi nədir?!
Hüquq elmləri doktoru, alim olan bir şəxsin həqiqətləri yazacağımı bildiyi üçün, məni həbslə hədələməsini necə anlayaq?!
Mən bir dəfə özünün müsahibəsində oxumuşam ki, 1996-cı ildə Südabə Həsənova onu işdən azad etdiyi üçün daxili stress keçirib və bu, ona çox pis təsir edib.
Amma keçmis geri qaytarılmır. Əgər qaytarılmış olsaydı, bu gün mən bu yazını yazmazdım…
Mən ümid edrirəm ki, İlham müəllim bu yazını oxuduqdan sonra özünün dediyi kimi, məni məhkəməyə verməkdən və ya təhdid etməkdən vaz keçəcək.
Hamı bilir ki, professor İlham Rəhimov Rusiyada genis imkanlara malikdir. O, bu imkanlarının cəmi 5%-ni Azərbaycan xalqının xeyrinə istifadə etsə, inanın ki hər kəs yaxşılığa doğru dəyişiklik hiss edər. Cunki Rusiyada hər millətin müraciət edəcəyi bir ünvan vardır, təkcə azərbaycanlılardan başqa.
Millət Rusiyada kriminal və çirkab içində boğulursa, bunu görməməzlikdən gəlmək və batmaqda olan gəmini daha da yükləməyin nəticəsi nə olacaq, bu bəri başdan məlumdur…
P.S. Redaksiyadan: Elçin Seyidovun iddiaları ilə bağlı İlham Rəhimovun mövqeyini dərc etməyə hazırıq.