“QARA DƏNİZ PUTİNİN ŞƏXSİ GÖLÜ DEYİL” – ABŞ Putinlə onun başa düşdüyü dildə danışmağa başlayır
Məşhur CNN kanalı son zamanlar Rusiya ilə ABŞ arasında Ukrayna və Yaponiya ətrafında baş verən insidentlərlə bağlı maraqlı material hazırlayıb. Reportajda bildirilir ki, rəsmi Vaşinqton artıq Kremllə danışıqlar yolu ilə razılaşmaq cəhdlərindən imtina edir. Və Putinlə onun başa düşdüyü dildə – hərbi güc nümayişi ilə danışmağa üstünlük verməyə başlayır. CNN xəbər verir ki, ABŞ Rusiyadan narazılığını son aylarda həyata keçirdiyi üç hərbi manevrlə biruzə verib. Həmin manevrlərə səbəb yaradan isə Rusiyanın son zamanlar həyata keçirdiyi aqressiv xarici siyasət və bunun hərbi güc nümayişi ilə dəstəklənməsidir. Söhbət Rusiya hərbi gəmilərinin Kerç boğazında Ukrayna katerlərinə hücumu, Rusiya qırıcılarının ABŞ-a aid hərbi gəmilərə və təyyarələrə olduqca təhlükəli həddə yaxınlaşaraq, uçuşlar həyata keçirməsi və nəhayət bu ölkənin Kubada yerləşən hərbi-kəşfiyyat gəmisinin ABŞ-ın şərq sahillərinə göndərilməsindən gedir. CNN bildirir ki, ABŞ-ın Rusiyanın bu aqressiv həmlələrinə cavabı isə üç hissədən ibarət olub. Birincisi, ABŞ-a aid raketlərlə silahlanmış hərbi gəmi Rusiyanın Yapon dənizindəki sərhədlərinə olduqca yaxın ərazilərdə manevrlər həyata keçirib. Qeyd olunur ki, həmin ərazilərdə uzun illərdir Rusiya ilə Yaponiya arasında mübahisə predmetinə çevrilən adalar yer alır. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, bu əməliyyat “soyuq müharibə” dövründən bu yana ABŞ ordusunun Rusiyaya qarşı həyata keçirdiyi ilk strateji hərbi manevr sayılır. ABŞ-ın ikinci cavabı bu ölkəyə aid hərbi-kəşfiyyat təyyarəsinin Ukrayna ərazisi ətrafında sərhəd boyu uçuşudur. CNN-ə açıqlama verən ABŞ ordusunun istefada olan general-leytenantı Ceyms Marks bildirib ki, bu uçuşlarla ABŞ Ukrayna ərazisinə soxulan və sərhədlərə toplanan Rusiya hərbi birləşmələrilə bağlı məlumatlar toplayır. Üçüncü hərbi cavab isə odur ki, bu yaxınlarda daha bir ABŞ hərbi gəmisinin Qara Dənizə daxil olaraq, Ukrayna sahillərinə yaxınlaşması nəzərdə tutulur. ABŞ Təhlükəsizlik Şurasının eksperti Maykl Karpenterin dediyinə görə, ABŞ bu yolla Rusiyaya başa salmaq istəyir ki, “Qara Dəniz Putinin şəxsi gölü deyil və bu dənizin suları da ona məxsus deyil”. Ekspert bildirir ABŞ hərbi gəmisinin Qara Dənizə göndərilməsi və hərbi-kəşfiyyat təyyarəsinin Ukrayna sərhədləri boyu uçuşlar həyata keçirməsi Putinin Kerç boğazında törətdiyi aqressiyaya cavab addımlarıdır. Hətta CNN-in müraciət etdiyi ekspertlər bildirirlər ki, artıq Rusiyanın istila etdiyi Krım yarımadası iri miqyaslı hərbi konfliktin bir addımlığındadır və istənilən an burada münaqişə alovlana bilər. Bununla yanaşı, bəzi ekspertlər hesab edirlər ki, ABŞ tərəfindən hərbi güc nümayişi Putini öz aqressiv siyasətindən çəkindirə bilməyəcək. Onların fikrincə, Rusiya prezidenti cavab addımı olaraq, Kerç boğazına nəzarəti daha da gücləndirəcək, Azov Dənizində üstünlüyünü möhkəmləndirəcək, Ukraynaya aid ticarət gəmilərinin hərəkətinə əngəllər törədəcək və digər müxtəlif vasitələrdən istifadə etməklə, Ukraynanı iqtisadi cəhətdən çökdürməyə çalışacaq. CNN şərhçiləri sonda bildirirlər ki, ABŞ və Rusiya hərbi qüvvələrinin bu qədər bir-birinə yaxınlaşması istənilən an hansısa səhv addım, yaxud anlaşılmazlıq səbəbindən böyük hərbi koinfliktə və təhlükəli qarşıdurmaya çevrilə bilər.