"İŞİD yer üzündən tam silinənə qədər birgə mübarizə aparacağıq"
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu“Washington Post” qəzetində dərc olunan məqaləsində yazıb.
Türkiyənin cənub sərhədlərinin milli təhlükəsizliyinə təhdidlərin olduğunu qeyd edən Ə. Davudoğlu legitimliyini itirmiş Dəməşq rejimi ilə İŞİD terror təşkilatının barbarlıq yarışına girməsi nəticəsində Suriyada yüz minlərlə insanın öldüyünü, 2 milyonu Türkiyədə olmaqla, milyonlarla insanın ev-eşiklərindən didərgin düşdüyünü xatırladıb.
Baş nazir İŞİD terror qruplaşmasının regionda qarışıqlıq yaratdığını, PKK terrorçularının da yaranmış vəziyyətdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyini vurğulayıb.
“Görünən odur ki, sanki xaos və anarxiya dövrü başlayıb. Lakin unutmaq lazım deyil ki, hər qaranlıq gecənin bir gündüzü var, ən zülmət gecələrdən sonra belə günəşli günlər gəlir. Baş verənlərin öhdəsindən gəlməkdə aciz deyilik. İŞİD yer üzündən tamam silinənə qədər birgə mübarizə aparacağıq”, - deyə Ə. Davudoğlu məqaləsində yazıb.
İŞİD çirkin niyyətini ortaya qoyan andan Türkiyənin onunla kəskin mübarizəyə başladığını qeyd edən Ə. Davudoğlu Türkiyədən başqa heç bir NATO ölkəsinin bu terror təşkilatı ilə həmsərhəd olmadığını bildirib.