Qərb liderləri üz-üzə gəldi – BMT-nin sessiyasında «Əsəd getsin, yoxsa qalsın» dilemması

 

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley (70-ci) sessiyası ilə bağlı əsas gözləntilərdən biri də Suriya probleminin həllinə dair qərarın qəbuluna nail olmaqdır.  

ABŞ dövlət katibi Con Kerrinin dünənki açıqlamasından da hiss olunurdu ki, Vaşinqton bu toplantıya böyük ümidlər bəsləyir. 

Kerri bildirmişdi ki, sessiya müddətində Yaxın Şərq probleminin həlli ilə bağlı ciddi addımlar atıla bilər. Onun fikrincə, qarşıdakı həftə bu baxımdan bir çox dövlətlərə geniş imkanlar yaradır.

Və bu dövlətlərin hər biri Yaxın Şərqdəki mürəkkəb problemlərin həllində ciddi rol oynaya bilər. Dövlət katibi müzakirələr zamanı irəliləyişə nail ola biləcəklərini də qeyd etmişdi. 

Əslində Kerrinin belə bəyanat səsləndirməsi həm də Suriyadakı Əsəd rejiminin ən yaxın dəstəkçisi olan, BMT-nin sessiyasında iştirak və çıxış etməyə hazırlaşan Rusiya prezidenti Vladimir Putinə mesaj idi. 
Suriya probleminin Rusiyanın müdaxiləsi olmadan tez bir zamanda çözülməyəcəyini artıq ABŞ da, müttəfiqləri də etiraf etməyə başlayıblar.

Üstəlik Vaşinqton Suriya probleminin həlli ilə bağlı Rusiya ilə danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.

Putin isə bir neçə gün əvvəl Qərbə aşıq mesaj verdi ki, Suriya probleminin həlli Bəşər Əsəd hakimiyyətini dəstəkləməkdən keçir.

Rusiya prezidenti hesab edir ki, Qərb münaqişənin həllini istəyirsə, Suriyadakı mövcud hökumətin güclənməsinə çalışmalıdır. Kreml rəhbəri Suriya börhanının bundan başqa həlli yolunu görmədiyini də açıq şəkildə bəyan etmişdi.  

Bütün bunların fonunda Fransa xarici işlər naziri Loran Fabius Baş Assmbleyanın tribunasından Suriya məsələsində Qərb dünyasını üz-üzə qoyacaq bəyanat səsləndirib. 

Fabius bildirib ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin gələcəyində heç bir rol oynamamalıdır. Ən azı ona görə ki, Suriyada hökm sürən xaosun başlıca səbəbkarı odur: «Əgər Qərb suriyalılara elan etmək istəyirsə ki, onların gələcəyi Bəşər Əsədlə bağlıdır, deməli, özlərini uğursuzluğa sürükləyirlər». 

Fabius Avropanı Bəşər Əsədlə bağlı ortaq strategiya hazırlamağa çağırıb. Onun fikrincə, bəzi Qərb liderlərinin Suriya lideri ilə bağlı mövqeyi yumşalmağa başlayıb ki, bu da yolverilməzdir. 
 

Bir neçə gün əvvəl Almaniya kansleri Angela Merkel Bəşər Əsədin Suriya ilə bağlı müzakirələrə cəlb edilməsini təklif etmişdi. Fransa XİN rəhbəri mövqe yumşalması deyərkən böyük ehtimalla həm də bunu nəzərdə tuturdu.

Təbii ki, bu hələ son deyil və qarşıdakı günlərdə Baş Assambleyada Suriya ilə bağlı xeyli müzakirə və çıxışlar olacaq. Lakin Fabiusun səsləndirdiyi ultimativ fikirlər göstərir ki, sessiya müddətində Suriya «düyününü» açmaq o qədər asan olmayacaq.


Strateq.az






Fikirlər