Saakaşvili: «Oğrular, quldurlar, tüpürüm sizin maraqlarınıza» - VİDEO
Odessanın qubernatoru Mixail Saakaşvili Ukraynada rüşvət və korrupsiyaya qarşı mübarizənini davam etdirir. Bu dəfə qubernatorun hədəfində Ukraynada ən yaxşı torpaqları ələ keçirib öz yaxınlarına paylayan, eləcə də məmurlara satan kənd şuralarıdır. Saakaşvili bu cinayətə yol verən yerli məmurları oğru, fırıldaqçı və quldur adlandırıb. Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qubernator ilk olaraq Odessada Krıjanovka kəndindəki sahilyanı əraziyə baş çəkib. Məlum olub ki, Qara dəniz sahillərindəki ən yaxşı ərazilər yerli məmurlar tərəfindən zəbt olunub. Sakinlərlə görüşən Saakaşvili bu qanunsuzluğa yol verən məmurları cəzalandıracağına və növbə ilə bütün belə zəbt olunmuş əraziləri gəzərək lazımi tədbirlər görəcəyinə söz verib: «Dəniz sahilindəki ən bahalı torpaqlar Krıjankovkadadır. Bu əraziləri yerli kənd şurası zəbt edib. Və şuradakı məmurların ailə üzvlərinə paylayıb. Bu yerlərin qiyməti yüzmilyonlarla ölçülür. Bu özbaşnalığa son verəcəyik. Mafiyadan qorxmuram. Bu adamlar fırıldaqçıdılar, oğrudular. Tüpürüm onların maraqlarına. Bu gündən bu məsələni araşdırmağa başlayıram». Saakaşvili rayon administrasiyasının rəhbəri Dmitri Nataluxa bu ərazilərin bütün sənədlərini ona təqdim etməyi tələb edib. Və bu özbaşınalığın sonuna çıxacağını bildirib.