Ukrayna SSRİ-nin dağılmasından sonra zəngin silah arsenalı əldə etmişdi. Buna sonradan Rusiyaya təhvil verilən nüvə silahları da daxil idi. Ukrayna ərazisində sovet qoşunlarının ən güclü qruplaşmalarından yerləşdirildi. Müstəqillik illərində bu silahların bir hissəsi başqa ölkələrə satılmasına baxmayaraq, anbarlarda uzun müddət saxlanılan sovet döyüş sistemləri Ukraynanın işinə yaradı. Rusiya ilə qarşıdurma başlayandan sonra bir çox silah növlərinə döyüşlərdə rast gəldik. Onların bir çoxu hava hücumundan müdafiə və aviasiya vasitələrinə aiddir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya müdaxiləsinin başlanğıcında bu texnikalar müxtəlif döyüş mövqelərində yerləşdirilmişdi. Müharibə başlayan gündən Rusiya tərəfinin “kəşfiyyat məlumatları əsasında hava zərbələri zamanı Ukraynanın hava hücumundan müdafiə və aviasiya sistemlərinin məhv edilməsi” barədə məlumatlarına baxmayaraq, Ukrayna HHM-i hələ də işğalçıya təsirli müqavimət göstərir. Aviasiya və HHM sistemlərinin itkiləri barədə Ukryana rəsmi məlumat vermir, Rusiya tərəfi qişmən şişirdilmiş rəqəmlər təqdim edir.
“Fighterbomber” teleqram kanalı isə indiyədək S-300 və “Buk” hava hücumundan müdafiə sistemlərinin təxminən 60%-i məhv edildiyini yazır. Bu reallığa daha uyğun bir rəqəm hesab edilə bilər.
Ukrayna Silahlı Qüvvələrində hələ də 20-yə qədər S300PT/PS divizionu, bir ədəd S-300V1 divizionu və 20-yə qədər “Buk-M1” kompleksi xidmət göstərdiyi ehtimal olunur. S-125M1 hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə isə son zamanlar rast gəlinmir, onların tamamilə məhv edildiyi mümkündür.
Hava məkanının monitorinqini isə Ukraynanın radiotexniki qoşunlarının 30-a yaxın radiolokasiya stansiyası, həm də Polşa və Rumıniya üzərində fəaliyyət göstərən NATO-nun AWACS təyyarələri və Qara dəniz üzərində uçan pilotsuz və pilotlu kəşfiyyat vasitələri tərəfindən həyata keçirir.
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan S-300 və “Buk” sistemləri strateji əhəmiyyətli obyektləri qorumaqdan çox Rusiya hərbi təyyarələrinin aşkar edilərək məhv edilməsi vəzifəsini daşıyır. Bu düşmənə qarşı fəaliyyətdə daha asan bir missiyadır, çünki hava hücumundan müdafiə sistemləri müəyyən bir əraziyə bağlanmır, yəni tuşlama RLS-i daim aktiv reyimdə olmur, onu düşmən təyyarələri aşkarlandıqdan sonra qısa müddətə işə salmaqla atəş açmaq mümkündür.
Təsdiqlənməyən məlumatlara görə hazırda Ukrayna Ordusunda 25-ə yaxın “Su-27P/UB” və MiQ-29 qırıcıları, təxminən 5 ədəd “Su-25” hücum təyyarəsi, 30-a yaxın çoxməqsədli “Mi-8” helikopteri və “Mi-24” hücum helikopteri, 10-dan çox “Bayraktar TB2” PUA-sı mövcuddur. Son zamanlar Ukrayna tərəfindən “Su-24M” cəbhə bombardmançılarının və “Su-24MR” kəşfiyyat təyyarələrinin döyüşlərdə istifadəsinə aid məlumatlara nadir hallarda rast gəlinir. Ukrayna HHQ-si “An-2” və “Yak-52” təyyarələrindən yerüstü hədəflərini izləmək, şəxsi heyəti və yükləri daşımaq üçün istifadə edir.
Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan hava hücumundan müdafiə sistemləri və döyüş aviasiyası hələ də Rusiya aviasiyasına qarşı təsirli qüvvə olaraq qalır. Buna görə də 4 günə Kiyevi ələ keçirməklə müharibəni başa çatdırmağı planlaşdıran Rusiya Silahlı Qüvvələri, müharibənin 80-ci günündə hələ də tam hava üstünlüyünə nail ola bilmir. Rusiya HHQ-si Azərbaycan Dövlət Sərhəd Xidmətinin Qarabağda tətbiq etdiyi kütləvi hava basqın metodunu tətbiq etməkdən çəkinir. Vətən Müharibəsinin ilk günündən başlayaraq, güc strukturlarımız, xüsusən də Dövlət Sərhəd Xidmətinin HHQ ilə qarşılıqlı əlaqədə düşmənin hava hücumundan müdafiə sisteminin məhv etməsi gələcək döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Tək sentyabrın 27-də düşmənin hava hücumundan müdafiə sisteminin 60 faizi həm HHQ-nin pilolu və pilotsuz hava hücum vasitələri, həm də DSX-nin “Harop” və “Sky Striker” kimi zərbə PUA-ları ilə düşmənə sarsıdıcı zərbələr endirildi. Nəticədə döyüş imkanları zəifləyən düşmənin müqaviməti azaldı. Havada üstünlüyü əldə edən Silahlı Qüvvələrimizin xüsusi təyinatlı hissələrimiz fəaliyyəti və quru qoşunlarımızın hücumü üçün əlverişli şərait yarandı.
Rusiya HHQ-si hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Qarabağda tətbiq etdiyi “An-2” ilə kütləvi hava basqın metodundan da yararlana bilmir. Bu təyyarənin avtopilot sistemi ilə təchiz edilməməsi, Rusiyanın silahlanmasında radiolokasiya stansiyalarının şüalanma mənbəynə tuşlanan və ya digər idarəolunan sursatların olmaması ilə əlaqələndirilə bilər.
Ümumiyyətlə Rusiyanın Ukraynada tətbiq etdiyi yeni və müasir silahlı mübarizə üsullarına rast gəlinmir. 20-30 il əvvəl rast gəldiyimiz müharibə metodları isə bu gün Ukraynada artıq müsbət nəticə vermir.
Rusiya aviasiya vasitələri say baxımından əməliyyatların ilk həftəsində havada əldə etdiyi əməliyyat-taktiki üstünlüyü sonrakı müddətdə qoruya bilmədi. Hazırda havada üstünlüyü əldə etmək üçün Rusiyanın tək çıxış yolu, Ukrayna Ordusunun HHM qoşunlarına qarşı kütləvi hava basqını həyata keçirməkdən ibarətdir. Bunun üçün Rusiya böyük aviasiya arsenalını havaya qaldırmalı və Ukrayna səmasına göndərməlidir. Bu isə təbii ki, Rusiya üçün mütənasib və ciddi itkilərlə müşaiyət olunacaq. Müharibə zamanı əsaslandırılmayan və proqnozların çox üzərində aviasiya itkilərinə məruz qalan Rusiya komandanlığının “kütləvi aviasiya basqını və adekvat itkilər” barədə riskli, lakin cəsarətli qərar qəbul etməyə hazır olmadığı da aşkardır. Digər tərəfdən isə bu basqın Rusiya üçün müsbət nəticəsiz qalarsa, müharibənin uzanması və “Lend-Liz”in tətbiqi ilə Ukraynanın artan hərbi aktivliyi Kremlin Ukrayna planlarının tam fiaskosu ilə nəticələnə bilər. Bu baxımdan Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin HHM və aviasiya vasitələrinə qarşı imkanları getdikcə azalır. Havada və aerodromlarda məhv edilən Ukrayna vasitələrinə daha az rast gəlirik.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 24-dən bu günə qədər olan müddətdə Ukrayna Ordusunun 164 təyyarəsi, 125 helikopteri, 303 hava hücumundan müdafiə sistemi, 800-dən çox pilotsuz uçuş aparatı məhv edilib.
2022-ci ilin əvvəlində isə Ukrayna Hərbi Hava Qüvvələrində 125 döyüş və döyüş təlim, 63-ə yaxın nəqliyyat, xüsusi və təlim təyyarəsinin, 46 nəqliyyat və xüsusi helikopterin, 322 hava hücumundan müdafiə sisteminin mövcud olduğu məlumdur. Rusiyanın məhv edilən düşmən vasitələri barədə təqdim etdiyi rəqəmləri nəzərə alsaq, Ukraynada yararlı HHM və HHQ vasitələri qalmalı deyildi. Rusiya tərəfi müharibənin ilk günündən bu günə qədər Ukraynanın 289 təyyarə və helikopterindən 234 ədədini, 322 hava hücumundan müdafiə sistemindən 303 ədənin məhv etdiyini iddia edir. Əgər bu rəqəmlər həqiqəti əks etdirsəydi, o zaman Rusiya ordusu Ukrayna səmasında üstünlüyü çoxdan əldə eməli idi, çünki 604 min kv.km əraziyə malik ölkənin səmasını 55 aviasiya vasitəsi və 18 HHM kompleksi isə təmin etmək qeyri-mümkündür.
Reallıqda isə Rusiya dünyaya müasir qırıcı kimi təqdim etməyə çalışdığı “Su-30” və “Su-35” təyyarələrini hələ də Ukrayna HHM sistemləri məhv etməkdədir. Son nəsil “Su-57”-nin isə Ukrayna səmasına yaxınlaşmaması da rus orusu üçün başqa bir dərddir. Başqa sözlə desək, Rusiya aviasiyası və onun çəkindirici imkanları barədə yaradılalan miflər, Ukrayna səmasında sabun köpüyünə çevrildi.
Bənzər miflərin Azərbaycan Ordusu tərəfindən Qarabağda dağıdıllmasını və bunun Ermənistana ölümcül təsirini indi də izləməkdəyik. Ermənistanın Azərbaycanın mülki infrastrukturuna, insanlarına və yaşayış binalarına atəş açması hələ də cəzasız qalması, növbəti vəhşiliklərin Ukraynada təkrarlanması ilə nəticələndi.
Baş verən bu qədər hərbi cinayətlərdən sonra qərbin Ukrayna səmasını açıq saxlamasına baxmayarq Ukrayna xalqı rus işğalçılarına təslim olmadı. Qərb hələ də rus ordusunun bərbad potensialının Ukrayna ərazisində daha da zəifləməsini müşahidə etməkdən həzz almaqdadır. İkinci Dünya Müharibəsində ABŞ “Lend Liz” çərçivəsində müttəfiqlərinə təxminən 22000 təyyarə, 12500 tank, 375.000 yük maşını, 608 döyüş gəmisi verdiyini nəzərə alsaq, bu dəfə baş tutacaq təchiatın miqyasını da təxmin edə bilərik. Belə bir təchizaın Rusiyanı çıxılmaz vəziyyətə saldığı təqdirdə, Kremlin gözlənilməz addımları da diqqətdə saxlanılmalıdır.
“Lend-Liz” çərçivəsində döyüş təyyarələrinin, hava hücumundan və raketdən müdafiə sistemlərinin qısa müddətdə Kiyevə çatdırılması, iyun ayından sonra Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı, bəlkə də həlledici əks hücum üçün münbit şərait yarada bilər.
Ədalət Verdiyev, hərbi ekspert