TRAMPIN ƏSAS RƏQİBİ BAYDEN YOX, ODUR... – ABŞ-ın növbəti prezident kim ola bilər?
ABŞ-ın 45-ci Prezidenti, öz qeyri-adi davranışları və birmənalı qarşılanmayan xarici siyasəti, Rusiya və şəxsən Putinlə şübhəli əlaqələri, eləcə də çoxsaylı qalmaqalları ilə tanınan Donald Tramp ABŞ prezidentliyinə iddiasını rəsmən elan edib. Növbəti seçkiyə hələ iki il vaxt var və çoxları Trampın bu tələskənliyini “falstart” hesab edir və onun bir siyasətçi kimi qeyri-adekvatlığının növbəti təzahürü sayırlar. Bununla yanaşı, qeyd olunur ki, Tramp öz namizədliyini elan etmək üçün olduqca uğursuz vaxt seçib. Belə ki, yenicə başa çatmış aralıq seçkilərdə respublikaçı namizədlər heç də gözlənilən yüksək nəticələri göstərə bilməyiblər. Ən əsası isə Respublikaçılar Partiyasındakı “trampçılar” ağır məğlubiyyətə uğrayıblar. Trampın dəstəklədiyi namizədlərin böyük əksəriyyəti seçilə bilməyib. Bu isə Trampın nəinki ümumilikdə ABŞ seçiciləri arasında, eləcə də Respublikaçılar Partiyası daxilindəki mövqeyini olduqca zəiflədib. Belə bir durumda namizədliyini elan etməsi Tramp üçün uğurlu variant deyil. Lakin o da qeyd olunur ki, Tramp öncədən məhz bu il noyabrın 15-də namizədliyini rəsmən elan edəcəyinə söz verdiyi üçün bu addımı atmalı olub. Təbii ki, o, aralıq seçkilərdə tərəfdarlarının qalib gələcəyinə inandığı üçün məhz noyabrın 15-də namizədliyini elan edəcəyini bildirmişdi. Ancaq bu, baş tutmadı. İndi isə bu qərardan vaz keçmək məğlubiyyətin etirafı və acizlik, özünə inamsızlıq kimi görünə bilərdi. Odur ki, “çiçəyi burnunda namizəd”in sözünün üstündə durmaqdan başqa variantı yox idi... Ancaq artıq ABŞ-da və ümumilikdə Qərb mətbuatında Trampın nəinki prezident seçkisində, Respublikaçılar Partiyasının daxilində, vahid namizəd seçkisində belə qalib gələcək durumda olmadığına dair iddialar artır. Birincisi, mütəxəssislərin fikrincə, reaspublikaçılar Trampı vahid namizəd kimi irəli sürsələr, Co Baydenin yenidən namizədliyini verməsi və qalib gəlməsi ehtimalı xeyli artacaq. Bu isə partiya üçün qəbuledilməz perspektivdir. Digər yandan respublikaçılar arasında amerikalıların daha böyük simpatiya bəslədiyi, daha cavan və uğurlu namizədlər var. Onların sırasında bir nəfər xüsusilə seçilir və lider sayılır – Florida ştatının qubernatoru Ron Desantis! 44 yaşlı qubernatorun amerikalı seçicinin baxış açısından ideal bioqrafiyası var. O, hazırda qubernatoru olduğu Florida ştatının Ceksonvill şəhərində televiziya mühəndisi ilə tibb bacısının ailəsində anadan olub. Uşaqlığından beysbolla məşğul olub, məşhur Yel Universitetində tarixçi ixtisasına yiyələnib. Daha sonra Harvard Hüquq Məktəbində təhsil alan hazırkı qubernator hərbi xidmətini İraqda keçirib, hətta məşhur Quantanamo həbsxanasında hüquqşünas kimi çalışıb. 2010-cu ildə hərbi xidmətdən ayrılan Desantis bir neçə medala, hərbi mükafatlara layiq görülüb. Bir müddət tarix və idman fənlərindən dərs deyən Desantis buna paralel olaraq, Florida Ştatının dairə federal prokuroru kimi də çalışıb. Nəhayət, Trampdan fərqli olaraq, Desantis şəxsi əxlaqı ilə seçilən fiqurdur, onun ailəsi isə nümunəvi hesab oluna bilər. Belə ki, keçmiş jurnalist Keysi Bleklə ailə quran Desantis üç övlad atasıdır. Onun həyat yoldaşı K.Blek isə xərçəng xəstəliyinə tutulsa da, bu bəlaya qalib gələ bilib və hazırda Blek sağlam və xoşbəxt ailə həyatı yaşayır. Bir sözlə, Desantisin öz bioqrafiyası və ailə tarixçəsi az qala Hollivud filmlərinə çəkiləcək qədər ideal təsir bağışlayır. Bundan əlavə, Desantis 2011-ci ildə demokrat Barak Obamanı tənqid və müəyyən dərəcədə ifşa edən materiallarla zəngin kitab dərc edib. Növbəti il isə Floridadan Nümayəndələr Palatasına üzv seçilib. O, növbəti 2014 və 2016-cı il seçkilərində də inamlı qələbə qazanaraq, Konqress üzvü olub. Ümumiyyətlə, Desantis qatıldığı bütün seçkiləri qələbə ilə başa vurub. Ən maraqlısı isə odur ki, onun 2019-cu ildə böyük səs çoxluğu ilə seçildiyi Florida ştatının qubernatoru postu uğrunda mübarizəsinə ən çox dəstək verənlərdən biri, bəlkə də birincisi Donald Trampın özü olub. Lakin sonradan Desantisin Trampla münasibətləri korlanıb. Desantisi populyarlaşdıran addımlardan biri də onun 2020-ci ildəki pandemiya dövründə rəhbərlik etdiyi ştatda qadağalara, məhdudiyyətlərə yer verməməsidr. Həmin vaxt Floridada nə maska rejimi tətbiq olunub, nə də kafe və restoranlar bağlanıb. Hətta məktəblərdə və özəl təşkilatlarda belə pandemiya qadağalarına icazə verməyən Desantis ABŞ-da “Covid-19” məhdudiyyətlərinə qarşı çıxan ən parlaq siyasətçilərdən biri sayılıb. O, həm də 2020-ci ildə Prezident seçilən Baydenin pandemiya ilə bağlı siyasətini ən kəskin şəkildə tənqid edən siyasətçilərdən biri sayılır. Doğrudur, nəticədə Florida ştatı ABŞ-da pandemiyadan gündəlik ölüm sayına görə ikinci yeri tutsa da, əhalinin ümumi sayına nisbətdə ölüm sayına görə 20-ci yerdə olub. Yəni ki, qadağaların götürülməsi Floridada ümumilikdə ABŞ üzrə olan vəziyyətdən daha ağır bir durum yaratmayıb. Əvəzində insanlar digər ştatlarla müqayisədə sərbəst yaşayıblar, bizneslərilə məşğul olublar. Ona görə də bu ştatın iqtisadiyyatı digərlərindən qat-qat daha az zərər görüb. Bunun özü də Desantisin populyarlığına müsbət təsir göstərən amillərdən olub. Bir çox baxışlarına görə əvvəllər “trampçı” kimi tanınan Desantis 45-ci prezidentdən daha samballı, siyasətə daha ciddi yanaşan və təmkinli fiqur kimi tanınır. Ona görə nə qədər qəribə görünsə də, onun populyarlığına ciddi təsir göstərən digər bir amil onun Trampla münasibətlərinin korlanmasıdır. Desantisin qubernatoru olduğu Floridada yaşayan Tramp burada təşkil eytdiyi siyasi tədbirlərə Desantisi dəvət etmir. O, son çıxışlarının birində Desantisi “ikiüzlü” adlandırmaqdan belə çəkinməyib. Bu da azmış kimi, Tramp əlində hazırkı Florida qubernatoruna qarşı kompromatlar olduğunu bildirib və gələcək rəqibini bununla təhdid edib. Cəmiyyətdə Trampa mənfi münasibətin artdığı nəzərə alınsa, onun Desantisə qarşı aqressiv reaksiyası ikincinin xeyrinə işləməkdədir. Elə respublikaçılar arasında keçirilən rəy sorğuları da göstərir ki, onlar hələ prezidentlik iddiasını ortaya qoymayan Desantisə Trampdan daha çox üstünlük verirlər. Məlumat üçün onu da bildirək ki, Dsantisi dəstəkləyənlər arasında İlon Mask da var... Nəhayət, Qərbdə bir çox mütəxəssislər istənilən halda, hansısa məhkəmə davaları açmaqla, yaxud digər hüquqi təzyiq yolları ilə Trampın hansı reytinqə malik olmasından asılı olmayaraq, növbəti prezident seçkisinə buraxılmayacağı qənaətindədirlər. Xatırladaq ki, 1946-cı il doğumlu Donald Tramp avropalıdır - alman mənşəlidir. O, prezidentliyi dövründə xüsusilə də Avropaya, o cümlədən Ukraynaya qarşı sərt mövqeyi, Putinə yaxınlığı ilə seçilib. Lakin nəinki ümumilikdə Avropada, heç Almaniyada da onun ABŞ prezidentliyi perspektivinə müsbət yanaşmırlar. Ona görə “G20”-nin son sammitində hazırkı Almaniya Kansleri Olaf Şolts Trampın prezidentliyə namizədliyini irəli sürməsini qısa olaraq belə şərh edib: “Bu xəbərə qətiyyən heyran olmadım...” /“AzPolitika.info”