ABŞ “SUPER ŞƏRŞƏNBƏ AXŞAMI” na hazırlaşır:Tramp – Respublikaçılara qarşı

ABSH-da-Prezident-seckileri-2ABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə, maraq dairəsindədir. Azərbaycanda da ABŞ-da prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. 

Bunu nəzərə alaraq, Strateq.az dünyanın ən maraqla izlənilən seçki prosesini ətraflı işıqlandırmağa çalışır. Bu məqsədlə hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov strateq.az  üçün  ABŞ-dakı  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayır. Bu silsilədən 3-cü  məqaləni təqdim edirik.

 

ABŞ prezidentliyinə namizədlik uğrunda gedən gərgin mübarizə artıq xüsusi mərhələyə qədəm qoyur. Mart ayının ilk günü ölkənin 15 ştatında eyni gündə keçiriləcək ilkin seçkilər (bu gün ABŞ-da “super çərşənbə axşamı” adlanır) böyük ehtimalla, kimlərin prezidentlik mübarizəsində yoluna davam edəcəyinə aydınlıq gətirəcək. Demokratlar arasında mübarizə demək olar ki, əvvəlcədən proqnazlaşdırıldığı kimi, keçmiş dövlət katibi Hillari Klintonun kiçik üstünlüyü şəraitində davam edir. Respublikaçılar cəbhəsində isə vəziyyət bir qədər fərqlidir.

 

Respublikaçılar Donald Trampa qarşı

 

Ötən yazılarımızda da bildirdiyimiz kimi, Respublikaçılar cəbhəsində sona qədər mübarizəni davam etdirməyə iddialı olan şəxslər, məşhur biznesmen Donald Tramp, Texas ştatından senator Ted Kruz və Florida ştatından senator Marko Rubiodur. Hələ ki, yarışda rəsmi olaraq iştirakını davam etdirən neyrocərrah Ben Karson və Ohayo ştatının qubernatoru Con Kaşiç çox böyük ehtimalla yaxın günlərdə mübarizədən çəkiləcəklər. Artıq Buş ailəsinin builki seçkilərdə “təmsilçisi” Ceb Buş, Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərindən sonra namizədliyini geri götürmək məcburiyyətində qaldı. Seçki kampaniyasına xeyli sayda vəsait xərcləməsinə və Respublikaçılar partiyasının siyasi rəhbərliyinin bir çox üzvü tərəfindən dəstəklənməsinə baxmayaraq Buş heç cür seçiçilərin inamını qazana bilmədi. Yekunda prosesdən kənarlaşmaq barədə qərar qəbul etdi. Buş ailəsinin  son günlər “kiçik Buş”un seçki təbliğatına fəal qoşulması da onun imkanlarını artıra bilmədi və o seçki marafonunu yarımçıq tərk etməli oldu.

Respublikaçılar partiyasının siyasi rəhbərliyini ən çox narahat edən məsələ Donald Trampın partiyanın birbaşa açıq şəkildə dəstəklidiyi digər namizədlərdən daha yaxşı nəticələr əldə etməsidir. Hətta mühafizəkarlıq ənənələri ilə seçilən və Respublikaçı istibleşmentin böyük nüfuza sahib olduğu Cənubi Karolinada da, onlar Trampı məğlub edə bilmədilər. Bunun əsas səbəbi kimi, namizədlərin sayının çox olması və səslərin bu namizədlər arasında parçalanması göstərilir. Məhz buna görədir ki, hazırkı durumda Respublikaçılar partiyasının əsas diqqəti mümkün qədər tez bir zamanda namizədlər siyahısını minimuma endirmək və bütün gücü əvvəlcə ilkin seçkilərdə Donald Trampı, daha sonrakı mərhələdə isə demokrat partiyanın namizədini üstələməyə yönəlib.

 

Hər şeyi öz adı ilə çağıran milyarder fenomeni

 

tramp-2

 

Məşhur milyonçu Donald Tramp bir çoxlarının gözləmədiyi halda, seçki marafonun startından etibarən böyük populyarlıq qazanıb və ilkin seçkilərdə rəqiblərini ciddi fərqlə qabaqlayır. Onu məşhurlaşdıran əsas məqamlardan biri təbliğat və təşviqat kompaniyasını müxtəlif siyasi maraq qruplarından və ya biznes dairələrindən vəsait toplayaraq deyil, öz vəsaiti hesabına aparmasıdır. Bu faktoru demək olar hər çıxışında qabardan Tramp bununla açıq şəkildə bildirir ki, prezident seçiləcəyi təqdirdə, heç kimdən maliyyə vəsaiti almadığı üçün müstəqil siyasət yeridəcək və bu hal onun qərar qəbul etmədə işini yüngülləşdirəcək. İkinci bir məqam Tramp-ın “siyasətdən kənar” şəxs olmasıdır. Bir çoxlarına görə uzun illərdir siyasətdə olan şəxslər Tramp qədər “dürüst” deyillər və zaman-zaman müxtəlif siyasi məqsədlər üçün bir-birindən fərqli siyasi baxışlar ortaya qoyublar. Tramp isə açıq şəkildə özünün siyasətçi olmadığını və buna görə də heç nədən çəkinmədən “hər şeyi öz adı ilə çağıracağını” deyir və bunu edir. Bir çoxları üçün ağlasığmaz görünən ideya və təkliflər də,  məhz Tramp tərəfindən səsləndirilib. O, Meksika ilə sərhəd boyunca beton səddin çəkilməsi, qeyri-leqal miqrantların ölkədən tamamilə deportasiyası, müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlməsinin məhdudlaşdırılması, terorizm ilə mübarizə məqsədilə internetdən istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi və bunu kimi digər məsələləri qabartmaqdan çəkinmir. Tramp digər respublikaçı namizədlərin dilə gətirməkdən çəkindiyi bir sıra məsələlər ilə bağlı da fikirlərini açıq şəkildə səsləndirməsi ilə seçilir.

 

Məsələn o,  bu yaxınlarda Buş administraiyasının İraqa hücumunu və terrorizm ilə mübarizə siyasətini kəskin tənqid edib. Hətta keçmiş respublikaçı rəhbərliyi İraqda kütləvi qırğın silahlarının mövcudluğu ilə bağlı yalan danışmaqda günahlandırıb. ABŞ siyasətini yaxından izləyən şəxslər üçün respublikaçı bir namizədin bu cür fikirlər səsləndirməsi həqiqətən ciddi məsələ kimi qəbul olunur. Bundan başqa, Tramp miqrasiya siyasəti ilə bağlı onu tənqid edən və “insanlar arasında körpülər deyil, səddlər çəkmək istəyində olan şəxs əsl xristian ola bilməz” , – deyən Roma papasına qarşı  gəlməkdən belə çəkinməyib. Vatikanın uzun illərdir qalın divarlar arasında fəaliyyət göstərdiyini bildirib.

 

“Super çərşənbə axşamı” hər şeyə nöqtə qoyacaq

 

Bir sözlə, Tramp lazım gələrsə mühafizəkar kəsimin həddindən artıq önəm verdiyi məsələlərdə belə,  heç bir şeydən çəkinmədən öz fikirini açıq şəkildə ortaya qoyur. Belə görünür ki, indiki məqamda bu addımlar onun reputasiyasına daha çox müsbət təsir göstərir. Ölkənin liberal düşüncəli şəxsləri, bəzən hətta,  mühafizəkarlar tərəfindən də tənqid olunsa da, Tramp ona uğur gətirən bu yoldan dönmək fikrində deyil və günü-gündən seçki yarışında  mövqeyini daha da gücləndirir. Bu məsələ isə təbii olaraq, Respublikaçı istibleşmenti haqlı olaraq narahat edir. Çünki Tramp onların “müəyyənləşdirdiyi” bir namizəd deyil və prezident seçiləcəyi təqdirdə respublikaçıların siyasi baxışlarının icra orqanında hansı formada təmsil olunacağı ilə bağlı ciddi “narahatlıqlar” mövcuddur. Məhz buna görə qarşıdan gələn “super çərşənbə axşamı” həm mövcud namizədlərin, həm də ümumilikdə, Respublikaçıların gələcək addımlarının müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb edir. “Super çərşənbə axşamı” günü səs verəcək ştatlarının arasında xeyli sayda mühafizəkar yönümlü ştatlar var (Alabama, Tenessi, Texas, Oklohoma) və bu baxımdan həmin ştatlarda veriləcək səslər ümumi respublikaçılar cəbhəsində mənzərənin aydınlaşması baxımından çox əhəmiyyətli hesab edilir.

 

 

 






Fikirlər