"ABŞ xarici siyasət kursunu hegemoniyadan hökmranlığa dəyişir" – "Junge Welt"

Dünyanın geosiyasi qarşıdurması: Çin, yoxsa ABŞ...

"ABŞ-ın Çinlə güc mübarizəsi qlobal iqtisadi təsirinin nisbətən azalması dövründə baş verir..."
 
ABŞ xarici siyasətini hegemoniyadan tam hökmranlığa doğru dəyişir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanım "Junge Welt" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, artıq Vaşinqton müttəfiqlərinə yaltaqlanmaq və israfçılıq etmək lüksündən məhrumdur. Çünki üfüqdə yeni ciddi rəqib peyda olub.
 
Ukrayna münaqişəsi: ABŞ xarici siyasət kursunu dəyişir
 
İndi artıq aydın olub ki, nə Ukrayna hökuməti, nə də Qərbi Avropanın "köhnə və etibarlı dövlətləri" Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı qərar qəbul edəcək. Rusiya və ABŞ döyüşlərin dayandırılması barədə razılığa gəlib.
 
Həmişə aydın idi ki, Ukrayna həm maddi, həm də əməliyyat baxımından ABŞ-ın dəstəyindən asılıdır. Deməli, Vaşinqtonun quru və konkret "yox" cavabı Kiyevin silahlı müqavimətinin qısa müddətdə dayanmasına gətirib çıxarar.
 
Buna baxmayaraq, Bayden administrasiyası sona qədər elə bir təəssürat yaratmağa çalışıb ki, guya, hər şey Kiyevdən və onun Avropadakı sadiq müttəfiqlərindən asılıdır.
 
İndi isə Donald Tramp bu siyasi görüntüyə son qoyub: o və Vladimir Putin münaqişənin dayandırılması ilə bağlı razılığa gələcək. Bundan sonra Vladimir Zelenski və bəzi "avropalıların" taleyinin necə olacağı, onların dili ilə desək, "onların işi deyil".
 
Niyə bu narrativdən imtina edilib?
 
Bunu yalnız Trampın şəxsi xarakteri və idarəçilik üslubu ilə izah etmək yanlışdır. İndiyə qədər ABŞ-ın hegemoniyasından əsasən onun düşmən elan etdiyi ölkələr- Kuba, Suriya, Rusiya və Çin zərər görüb. Digər tərəfdən, Vaşinqton həmişə müttəfiqlərinin yalnız "masadan düşən qırıntılarla" kifayətlənməməsinə çalışıb.
 
ABŞ-ın hegemoniyası Almaniyaya müharibədən sonrakı dağıntılardan sürətlə qalxaraq dünyanın aparıcı iqtisadi güclərindən birinə çevrilməyə imkan yaradıb. İndi isə Tramp hegemoniyadan tam və artıq gizlədilməyən hökmranlığa keçir.
 
Qərarları kim qəbul edir? ABŞ. Vacib danışıqları kim aparır? ABŞ prezidenti. Harada qazanclı bir şey varsa, kim orada qala bilər? Təsadüfi deyil ki, cümə axşamı Almaniya xarici işlər naziri Annalena Berbok incik və "məzlum" bir obraz canlandırıb.
 
Hegemoniyadan hökmranlığa keçidin səbəbi nədir?
 
ABŞ-ın hegemoniyası müttəfiqlərə sərf edib, lakin hökmranlığı bütün dünyaya baha başa gələcək. Bunun səbəbi aydındır: ABŞ-ın Çinlə güc mübarizəsi qlobal iqtisadi təsirinin nisbətən azalması dövründə baş verir.
 
Məhdud büdcə şəraitində Vaşinqton Pekinlə mübarizədə iqtisadi və hərbi cəhətdən güclənməyə məcburdur. Bu isə həmişəkindən daha bahalı başa gəlir və artıq əvvəlki kimi müttəfiqlərə bəzi güzəştlər edib "birlikdə qərar vermək" görüntüsü yaratmağa imkan vermir.
 
Əsas sual budur: ABŞ eyni anda həm müttəfiqlərini təhdid edə, həm də onları nəzarətdə saxlaya biləcəkmi? Tramp dövründə ABŞ bunu praktikada sınaqdan keçirir.






Fikirlər