RUSİYA ORDUSU: AYI GERİ QAYIDIRMI? – Moskva super güc statusuna heç zaman nail olmayacaq!
Ayı geri qayıdıb. Ən azından qəzet başlıqları ilə bizi buna inandırmağa çalışırlar. Rusiya ordusu kifayət qədər qısa müddət ərzində prezident Vladimir Putinin rəhbərliyi ilə Ukraynanın şərqində və Krımda, sonra isə Suriyada hücuma keçdi. Rusiya öz gücünü həmçinin Sakit okean və Arktika bölgəsində də nümayiş etdirmək istəyir. Bundan əlavə, hal-hazırda Rusiya ordusu modernləşmə mərhələsindədir və yeni tanklar, aviadaşıyanlar, sualtı qayıqlarla təchiz edilməyi gözləyir. Amma doğrudanmı ayı qayıdıb? Görəsən Rusiya ordusunun dirçəlməsi barəsində deyilənlərdə nə qədər həqiqət payı var? Hərbi büdcəsinin böyüklüyünə görə Rusiya dünyada dördüncü yerdədir. 2015-ci ildə Moskva öz ordusu üçün 54 milyard dollar xərcləyib. Soyuq müharibənin qurtarması və ağır iqtisadi vəziyyətlə əlaqədar bir neçə illik maliyyə çatışmazlığından sonra Rusiyanın müdafiə xərcləri, nəhayət ki, artdı. Rusiyanın hərbi avadanlığının böyük hissəsi soyuq müharibə dövründə istehsal edilib. Rusiyanın quru qoşunlarının praktik olaraq, bütün tankları və zirehli maşınları 1980-ci illərdə buraxılıb. Rusiyanın yeganə aviadaşıyanı olan “Admiral Kuznetsov” 1990-cı ildə istifadəyə verilib. Hazırda Suriyada aviazərbələr endirən üç ədəd ağır bombardmançı təyyarə isə Sovet İttifaqı zamanı yaradılıb və o dağıldıqdan sonra miras olaraq Rusiyaya keçib. İqtisadiyyatdakı problemlər hərbi xərclərin həcminə də təsir göstərib. 2015-ci ilin əvvəlində Rusiyanın hərbi büdcəsi 33% artırılmışdı. Lakin buna baxmayaraq, ilin sonuna kimi ayrılan vəsaitin bir hissəsini geri çəkiblər. Ümumiyyətlə isə hərbi büdcənin artırılması 25% təşkil edib. Hal-hazırda Rusiyanın maliyyə çətinliklərinin nə ilə qurtaracağını proqnozlaşdırmaq çətin olduğundan, çox böyük ehtimalla 2016-cı ildə hərbi büdcə 1%-dən artıq böyüməyəcək. 21-ci əsrin texnologiyasından geri qalmamaq üçün Rusiyanın həyata keçirməyi planlaşdırdığı layihələrdə də müəyyən problemlər yaranıb. Belə ki, KİV-lərdə çox geniş işıqlandırılan və amerikanların “F-22 Raptor” qırıcı təyyarəsinin analoqu kimi nəzərdə tutulan “PAK FA.T-50” qırıcılarının hazırlanması istiqamətindəki layihə, texniki problemlərə görə dayandırılıb. İndi rusiyalılar yalnız bir eksadrilya üçün yetəcək qədər “PAK FA.T-50” təyyarələri alacaqlar. Bu isə Rusiyanın ilk başdan planlaşdırdığının yalnız onda biridir. Rusiyanın yeni aviadaşıyanlar və yeni nəsil ağır bombardmançı təyyarələr istehsal edəcəyi barəsində verdiyi vədlər isə, elə vəd olaraq da qalıb. Sanksiyalar hərbi sənayeyə də təsir edir. Yüksək texnoloji məsələlərdə Rusiya beynəlxalq tədarükçülərdən asılıdır. Rusiyanın “Sevmaş” tərsanəsində Hindistanın şifarişi ilə aviadaşıyanın təmir olunması zamanı, ruslar quraşdırılan avadanlıqların bir hissəsini Qərbdən və Yaponiyadan almışdılar. İndi artıq sanksiyalar ucbatından Qərbdən nəyinsə alınmasına son qoyulub. Sanksiyalar şəraitində Rusiya yüksək tenologiyalı yerli məhsul buraxa biləcək sənayesinin yoxluğu problemi ilə də qarşılaşacaq. Məsələn, müasir qırıcılar və “Armata” tankları LSD displeylə (kristal maye ekranlı monitor) təchiz edilir və məlumatın bir hissəsini ekipaj (heyət) bu avadanlıqların vasitəsilə alır. Kiçik ölkə Cənubi Koreyadan fərqli olaraq, Rusiyanın öz LSD istehsalı yoxdur. Nəhayət, Rusiyanın hərbi potensialını, digər ölkələrin hərbi potensialı ilə də müqayisə etmək lazımdır. Rusiyanın hərbi büdcəsi ABŞ hərbi büdcəsinin on faizini, Cin hərbi büdcəsinin isə dörddə birini təşkil edir. Amerikanın 10 aviadaşıyanına qarşı, Rusiyanın fəaliyyətdə olan yalnız bir – “Admiral Kuznetsov” aviadaşıyanı var. Bəs, hansısa müsbət bir şey yoxdur? Var, bu Rusiyanın nüvə silahıdır. Hər halda nüvə silahı ölkəni mövcud təhlükələrdən qorusa da, bu silah indiki müxtəlif növ münaqişələrdə tamamilə yararsızdır. Rusiya Ordusunun gücü böyükdür, ancaq buna baxmayaraq artıq onu super güc adlandırmaq olmaz. Çox böyük ehtimalla, Rusiya super güc statusuna heç zaman nail olmayacaq. Bundan əlavə, hazırda bizim əlimizdə sübut var ki, indiki iqtisadi şərtlər daxilində Rusiya kimi aqressiv bir dövləti maliyyə tədbirləri vasitəsi ilə durdurmaq mümkündür. Ümid edək ki, digər ölkələr də Rusiya nümunəsindən lazımı fayda götürəcəklər. (“The Week” – ABŞ)
2010-cu ildə Rusiya hökuməti 2020–ci ilədək soyuq müharibədən qalmış silahların 70%-ni yeniləyəcəyi barəsində özünün ambisiyalı planını açıqlamışdı. Bu proqram 700 milyard dollara başa gəlməli və Rusiya Hərbi Sənaye Kompleksi yeni tanklar, ən müasir aviadaşıyanlar, yeni nəsil ağır bombardmançı təyyarələr istehsal etməliydi.
Krımın ilhaqı ilə əlaqədar olaraq, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalarla birlikdə neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Ona görə də Rusiya iqtisadiyyatında tənəzzül başlayıb və son 12 ay ərzində bu ölkənin Ümumi Daxili Məhsul 4% azalıb.