RUSİYA İŞİD-ə NÜVƏ ZƏRBƏSİ ENDİRƏCƏKMİ? – “Ordu hücumun qarşısını ala bilməsə…”

 

putinnn

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Moskva Suriyadakı İŞİD yaraqlılarına qarşı nüvə silahından istifadə olunması məsələsinə baxa bilər. Ancaq daha sonra o dərhal vurğulayıb ki, belə bir silahdan istifadə edilməyəcək və terrorizmə qarşı mübarizədə nüvə silahına ehtiyac qalmayacaq. (National İnterest)

Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı deyib: “Əlbəttə, döyüş meydanında baş verən hər şey və əsasən də silahların necə işləməsi analiz olunmalıdır. Həm “Kalibr”lər (qanadlı raketlər), həm də “X-101” raketləri ümumən özlərini yaxşı doğruldublar. Biz indi bunların yeni və yüksək keyfiyyətə malik olduğunu anlayırıq. Bu cür yüksək dəqiqlikli silahlar həm adi döyüş başlıqları, həm də xüsusi döyüş başlıqları, yəni nüvə doldurucusu ilə təchiz edilə bilərlər. Təbii ki, terrorçularla mübarizədə bunlar lazım deyil, ümid edirəm ki, heç zaman da lazım olmayacaq”. Putinin bu çıxışı Rusiya televiziya kanallarında nümayiş etdirilib.

Rusiya silahlı qüvvələri qanadlı raketlərdən istifadə edərək, uzaq məsafələrdən hədəflərə zərbə vurmaq qabiliyyətinə malik olduqlarını göstərdilər. Həmin raketlər səsdən sürətli uçan “Tu-160” bombardmançı təyyarələrindən, dizel-elektrik sualtı qayıqlarından və Xəzər dənizindəki korvet tipli kiçik gəmilərdən buraxılır. Əslində Moskva Suriya kampaniyasının gedişində Rusiya ordusunun ən müasir üsullarla müharibə aparmaq qabiliyyətini yoxlayır. Suriyaya edilən bu müdaxilə nəticəsində Rusiya döyüş texnikasının ən yeni nümunələrinin debütünü həyata keçirib. Moskva bir çox döyüş texnikaları ilə birlikdə “Su-30 CM” və “Su-34” təyyarələrini, ”S-400” Hava Hücumundan Müdafiə sistemlərini və “Tu-160” bombardmançı təyyarələrini döyüş meydanına gətirib.

Amma bütün bunlara baxmayaraq, Rusiya silahlı qüvvələri əvvəlki kimi əsas üstünlüyü Sovet İttifaqından onlara miras qalmış güclü nüvə arsenalına verir. 2008-ci ildən başlayaraq, Rusiya özünün adi silahlarının inkişaf etdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edib. Lakin bütün işlər hələ tam olaraq yekunlaşmayıb. Moskva öz ordusunun tam mənası ilə müasir döyüş gücünə çevrilməsindən ötrü hələ çox işlər görməlidir. Elə bununla bağlı olaraq, özünün qeyri-nüvə güvvələrindəki çatışmazlığını nüvə arsenalı hesabına kompensasiya etmək istəyir.

Sovet İttifaqı açıq şəkildə bidirirdi ki, onlar nüvə silahından birinci olaraq istifadə etməyəcəklər. Amma hal-hazırda müasir Rusiya münaqişə yarandığı zaman nüvə silahından qabaqlayıcı zərbə kimi istifadə etmək hüququnu özündə saxladığını bəyan edir. Paradoksal olaraq, ruslar bu yeni doktrinanı “gərginliyi səngidən” sənəd adlandırırlar. Hal-hazırda Vyanadakı “Nüvə silahının tərkisilah edilməsi və yayılmaması” mərkəzində baş elmi işçi kimi işləyən keçmiş sovet diplomatı “Bulletin of the Atomic Scientists” nəşrində yazır: “Əgər Rusiya adi silahlardan istifadə edilən iri miqyaslı hücumla qarşılaşarsa və onun ordusu bu hücumun qarşısını ala bilməzsə, onda onlar məhdud nüvə zərbəsi ilə cavab verə bilərlər. Bu gün Rusiya açıq şəkildə heç zaman, hansısa konkret münaqişədə “gərginliyi səngidəcək” zərbədən istifadə edə biləcəyi barəsində bəyanat verməyib. Lakin 2008-ci ildəki Gürcüstan müharibəsi zamanı Rusiya bu cür siyasətdən istifadə etməklə, Qərbin cavab fəaliyyətlərini məhdudlaşdıra bildi. Çox güman ki, Qərb liderləri bunu unutmayaraq, Ukrayna hadisələrindəki reaksiyalarında təmkin nümayiş etdirdilər”.

Rusiyanın indiki hərbi doktrinası müəyyən mənada soyuq müharibədəki “hədəfin seçilməsi üçün nüvə silahının tətbiqi konsepsiyası”na bənzəyir. Bu konsepsiyanın məqsədi, məhdud nüvə müharibəsində qalib gəlməkdən ibarət idi.
Ümumiyyətlə isə ilk baxışda Rusiya Qərb dövlətlərinə nisbətən nüvə silahından istifadə etməyə daha çox hazır olduğunu göstərsə də, Moskva Suriyada çətin ki, nüvə zərbəsinin tətbiqini istəsin.  AzPolitika.info

 
 






Fikirlər