ƏHLİMAN Əmiraslanov: “BUNU ancaq QARDAŞ edə bilərdi” - FOTOLAR

Bu gün Milli Məclisin Səhiyyə Komitəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə Türkiyənin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib.

Modern.az-ın xəbərinə görə, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov səfir İsmayıl Alper Coşqunu və onun nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Məlahət İbrahimqızı, Şəmsəddin Hacıyev və Ağalar Vəliyev də iştirak edib.

Komitə sədri Əhliman Əmiraslanov Azərbaycanın ağır günündə Türkiyənin yanımızda olmasına görə səfir İsmayıl Alper Coşquna, Türkiyə dövlətinə və xalqına təşəkkür edib:

“Təmas xəttində Ermənistanın hərbi təxribatları nəticəsində vəziyyətin gərginləşdiyi günlərdə Türkiyənin Azərbaycanın yanında olmasına görə Türkiyə Cümhuriyyətinə, xalqına, xüsusilə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davudoğluna, AK partiyaya təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Türkiyə bir daha Rusiya faktorunun olduğu zamanda, Azərbaycanın ağır günündə bizə dəstək verməklə hər zaman yanımızda dayandığını sübut etdi.

Cəbhədə vəziyyətin gərginləşdiyi günlərdə türkiyəli vətəndaşlar da bizim ölkə başçısı İlham Əliyevə məktublar göndərərək, gəlib Qarabağda vuruşmaq arzusunda olduqlarını bildiriblər. Bunu ancaq qardaş edə bilərdi. Başqa heç kəs”.

İki ölkənin parlamentləri arasındakı dostluq qrupundan danışan deputat bildirib ki, münasibətlərimizi digər sahələrdə də genişləndirməliyik:

“Milli Məclisdə üzvlərinin sayına görə ən böyük dostluq qrupu bu qrupdur. Milli Məclisin deputatlarından 63-ü bu qrupa daxildir. Bizim dostluq qrupunun türkiyəli həmkarlarımızla görüşləri baş tutub. Ancaq bu günə qədər baş tutun görüşlər o qədər də effektli olmayıb. Bunun obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz yeni dostluq qrupunun rəhbərliyi və üzvləri hesab edirik ki, bundan sonra artıq iki ölkənin parlamentləri arasındakı münasibətləri daha da canlandırmalıyıq.

Münasibətlərimzi bütün səviyyələrdə genişləndirməyə sizin də köməyimizə ehtiyacımız var. Milli Məclis rəhbərliyinin də qətiyyətli mövqeyi budur ki, bundan sonra dostluq qrupları arasında olan münasibətlər daha da keyfiyyətlə yeni dövrə qədəm qoymalıdır.

Biz həmçinin sizin parlamentin Səhiyyə komitəsi ilə də münasibətlər yaratmağı düşünürük. May ayında həm Sosial siyasət, həm də Səhiyyə komitəsindən olan deputatların Türkiyəyə səfəri planlaşdırılır.

Bizim komitə bir neçə aydır yaradığına görə təcrübəmiz elə də çox deyil. Səfərdə əsas məqsədimiz sizin parlamentin səhiyyə və digər sahədə olan işlərinin təcrübələrini öyrənməkdir”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxışında Türkiyə-Azərbaycan parlamentlərinin dostluq qrupunun işindən danışıb:

“Öncə sizi parlamentin yeni yaranan Səhiyyə komitəsinin sədri seçilməniz münasibətilə təbrik edirəm. Türkiyə-Azərbaycan dostluq qrupu üzvlərinin sayının 63 olması bizim üçün çox fəxredicidir.

Sizin qeyd etdiyiniz hallara mən də bir neçə müddət bundan öncə şahid oldum. Türkiyədə də terror hadisələri zamanı Azərbaycanın hər yerindən, sizlərdən, dövlət böyüklərimizdən gördüyümüz himayə, telefon zəngi edənlər və sosial mediada, şəbəkələrdə dəstək olanlar bizim üçün çox böyük güc qaynağıdır”.

Səfir prezident İlham Əliyevin Türkiyəyə verdiyi dəstəyin öz xalqının könlündə iz buraxdığını vurğulayıb:

“Ankaradakı terror hadisəsindən sonra cənab İlham Əliyevin Türkiyəyə səfəri təkcə bizim dövlət başçımızın, rəsmilərin qəlbində deyilŞ, bütün Türkiyə xalqının könlündə böyük iz buraxdı.

Son günlərdə Ermənistanın təxribatı nəticəsində cəbhədə yaranmış gərginliyi biz də narahatlıqla izlədik. Hər şeydən öncə şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə və əzizlərinə başsağlığı verirəm.

Təbii ki, biz də istəyirik ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Lakin  Ermənistanın təxribatları qarşısında Azərbaycan da özünü müdafiə etməyə məcburdur. Biz də bu baxımdan Azərbaycana hər zaman dəstək veririk və verəcəyik də.

Türkiyə prezidenti cənab Rəcab Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycan bizim üçün çox əzizdir və gələcəyə də bir yerdə addımlayacağıq.

Türkiyə ilə Azərbaycan arasında bu gün görüləcək çox böyük işlər var. Çünki potensialmız çox böyüdür.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Azərbaycan neft sənayesinin keçid dövrünü yaşayır. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsi çox vacibdir.

Buna görə də iki ölkə arasında biznes və iqtisadi əlaqələri genişləndirməyi düşünürük. Yeni biznes sahiblərinin qarşılıqlı iş birliyinə cəlb olunması əsas məqsədlərdəndir.

Türkiyə tranzit daşımaları sahəsində Azərbaycanda böyük potensial olduğuna inanır. Bu il iki ölkə arasında yüksək texnologiyalar sahəsində də ciddi əməkdaşlığımız olacaq.

İri biznes şirkətləri Azərbaycana cəlb etməklə böyük həcmdə kapital yatırımları haqqında düşünürük.

Rusiya ilə Türkiyə arasındakı yaranmış gərginlikdən sonra həm dövlət rəsmiləri və həm də türkiyəli iş adamları perspektivli sərmayə yeri kimi Azərbaycanı görür. Səhiyyə sahəsində də önəmli əməkdaşlıq haqqında fikirləşirik. Bu sahədə də geniş əməkdaşlıq etməyi planlaşdırırıq.

Türkiyənin səhiyyə naziri 28-30 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq. Mən də təklif edirəm ki, səhiyyə naziri ilə sizin də dostluq qrupunun görüşməsi məqbul sayılar”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Məlahət İbrahimqızı Türkiyəli deputatların da hər zaman Azərbaycanın yanında olduğunu deyib:

“Türkiyə parlamentinin Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Necdet Ünüvarın hər zaman olduğu kimi, bu günlərdə də Azərbaycana sosial media üzərindən dəstək verməsi həqiqətən də sevindiricidir.  Biz Xocalı soyqırımını hələ dünyaya tam tanıda bilməmişik. Mən düşünürəm ki, həm dostluq qrupu çərçivəsində, həm də iki dövlət arasında bu kimi faciələrin tanıdılması uğrunda beynəlxalq mübarizədə bir olmalıyıq. Türkiyə ilə Azərbaycan arasında qardaşlaşmış şəhərlərə dair nəticələri sırf əməli işdə görməliyik”.

Dostluq qrpunun üzvü deputat Şəmsəddin Hacıyev artıq Türkiyə və Azərbaycan arasında yeni iqtisadi və biznes mərhələsinə qədəm qoymağın vaxtının çatdığını bildirib:

“Artıq Rusiya səmhdarlarının Türkiyədən çıxması Azərbaycan iş adamları, biznes sahibləri üçün yeni qapılar açır. Bundan yaxşı mənada istifadə etmək lazımdır. Eyni zamanda Azərbaycan ilə Türkiyə ixracatın, tranzit işlərinin yeni mərhələsinə qədəm qoymalıdır. Yaxşı olardı ki, bu yaxınlarda Türkiyə-Azərbaycan iş adamlarını da iştirak etdiyi böyük həcmdə biznes forum keçirək. Yəqin ki, bu forum bu yaxınlarda baş tutacaq. Çünki indi buna böyü ehtiyac var. Rusiyada Türkiyənin biznes və iş adamları böyük tikinti işləri həyata keçirdilər. Bu Rusiyada reallaşdırılan tikinti işlərinin 22-24 faizi idi. İndi isə artıq bu kimi layihələrin Türkiyənin Azərbaycanda reallaşdırması məqamı çatıb.

Türkiyə-Azərbaycan arasındakı hərbi əməkdaşlıq birgə həyata keçirilən hərbi təlimlərin effekti özünü bir daha göstərdi. Belə ki, bizim hava şahinlərinin təmas xəttində göstərdiyi şücaətlər də Türkiyədə keçdikləri təlimin böyük rolu var. Biz qardaş ölkələrik, bizi bir-birimizdən ayırmaq mümkün deyil. Amma bizi qısqanan ölkələr də var. Buna qarşı sosial şəbəkələrdə aktiv olmaq və hər iki dövlət adamları, deputatlar telekanallara çıxmalıdırlar. Moskva mediası tamamilə ermənilər tərəfindən zəbt olunub. Buna qarşı bir yerdə mübarizə aparmalıyıq”.

Deputat Ağalar Vəliyev çıxışında türkiyəli iş adamlarının Azərbaycanda geniş tikinti işlərinin başladacağına ümid etdiyini deyib:

“Artıq bu gün iki dövlət arasındakı iqtisadi əlaqələri daha da genişləndirmək üçün yaxşı şərait yaranıb. Biz parlamentdə tikinti sahəsinə aid yeni qanun layihəsi hazırladıq. Bu sənəd 1994-cü ildən Türkiyədə işləyir. Bu illər ərazində Türkiyə layihə çərçivəsində 122 milyard vəsait yatırıb. Türk iş adamlarının bir çoxu da bu layihə əsasında Azərbaycanda iş qurmağı düşünürdü. Lakin belə bir qanun layihəsi artıq bizdə də var. Ona görə də hesab edirəm ki, bundan sonra bu sahədə də iş ortaqlığı uğurlu alınacaq”.


















Fikirlər